Hindistanın Pəncab ştatında keçirilən kabaddi komanda güləşi üzrə Dünya kuboku yarışlarında iştirak edən Azərbaycan milli komandası (qızlar) bu gün Hindistan vaxtı ilə 12:15 (Bakı vaxtı ilə 10:45) radələrində Nabha şəhərində ABŞ millisi ilə qarşılaşmış və 38-32 hesabı ilə qalib gəlmişdir ( bu videonun 25-ci dəqiqədən sonra oyuna baxa bilərsiniz: https://www.youtube.com/watch?v=eo6JwxOYk8M#t=23).
Məlumat üçün əlavə edək ki, kabaddi güləş növü üzrə Dünya kuboku uğrunda 8 milli qadın komandası (ABŞ, Hindistan , İngiltərə, Danimarka, Pakistan, Yeni Zellandiya, Meksika, Azərbaycan) və 11 milli kişi komandası (ABŞ, İran, Pakistan, Danimarka, Avstraliya, İngiltərə, İspaniya, Kanada, Argentina, İsveç, Hindistan) olmaqla, 19 komanda mübarizə aparır. Azərbaycan komandası ABŞ, Hindistan və Danimarka komandası ilə eyni qrupda çıxış edir. Azərbaycanlı qızlar dekabrın 10-da ilk oyununda Xanna şəhərində Danimarka komandası qarşılaşmışdı. Millimiz kifayət qədər əzmkarlıq nümayiş etdirsə də, sonda daha təcrübəli danimarkalılar 40-17 hesabı ilə qalib gəlmişdilər (həmin oyunun video yazısı: https://www.youtube.com/watch?v=YDf4JSV59WQ) .
Milli komandamız sabah qrup mərhələsinin həlledici oyununda Cəlalabad şəhərində Hindistan millisi ilə qarşılaşacaqdır. Oyun Hindistan vaxtı ilə 11:10 (Bakı vaxti ilə 9:40) radələrində başlayır və oyunu http://www.ptcnews.in/ sayı vasitəsi ilə canlı olaraq izləmək mümkündür. Bu oyunun və sabahkı Danimarka-ABŞ oyununun nəticələrindən asılı olaraq, millimizin yarımfinalda mübarizə aparıb-ararmayacağı məlum olacaqdır.