Belə olan halda, Azərbaycanda yoxsulluq həddinin cəmi 5 faiz olduğunu iddia etmək heç bir məntiqə sığmır
Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2014-cü ilin eyni dövründə cəmi borcalanların sayı 20,3 faiz, başqa sözlə, 382 min 16 nəfər artaraq, bu il noyabrın 1-nə 2 milyon 261 min 973 nəfər təşkil edib. APA-nın Mərkəzi Banka istinadən yaydığı bu haqda məlumatda bildirilir ki, bunun 10 min 679 nəfəri hüquqi, 2 milyon 231 min 569-u fiziki şəxs, 19 min 725 nəfəri sahibkarlıq subyektidir.
Statistik məlumatların təhlili göstərir ki, fiziki şəxslər arasında borcalanların sayı kəskin şəkildə artır. 2013-cü ilin oktyabr ayından indiyədək daha 377 min 833 fiziki şəxs borcalanların siyahısına daxil olub. Hesabat dövründə borcalan hüquqi şəxslərin sayında 826 nəfər, sahibkarlıq subyektlərinin sayında isə 3357 nəfərlik artım olub.
Təkcə sentyabr ayı ilə müqayisədə oktyabrda bankdan kredit götürən fiziki şəxslərin sayında 28 min 215, sahibkarlıq subyektlərinin sayında 448, hüquqi şəxslərin sayında isə 54 nəfərlik artım olub.
Bu ilin oktyabr ayında Mərkəzləşdirilmiş Kredit Reyestrinə üzv təşkilatlardan 294 min 990 sorğu daxil olub. Başqa sözlə, son bir ildə Mərkəzləşdirilmiş Kredit Reyestrinə müraciətlərin sayı 27,13 faiz artıb. Bu sorğuların 285 min 802-si banklar tərəfindən daxil olub. 9188 nəfər isə öz kredit tarixçəsi barədə məlumat almaq məqsədilə kredit reyestrinə müraciət edib. Sentyabr ayı ilə müqayisədə oktyabrda ümumi müraciətlərin sayında azalma qeydə alınıb. Belə ki, oktyabrda Mərkəzləşdirilmiş Kredit Reyestrinə daxil olan sorğuların sayı sentyabrdakı göstəricidən 17 min 29 müraciət azdır.
Bu ilin 10 ayının göstəricilərini təhlil edəndə məlum olur ki, ümumilikdə fiziki şəxslər tərəfindən kredit reyestrinə daxil olan müraciətlərin sayında artım var. Başqa sözlə, ilin əvvəli ilə müqayisədə oktyabr ayında reyestrə daxil olan sorğular 5,1 dəfə çoxalıb. Sentyabr ayı ilə müqayisədə oktyabrda fiziki şəxslərin sorğularının sayı 1,1 dəfə artıb.
Oktyabr ayına olan məlumata görə, kredit reyestrində haqqında məlumat olan borcalanların sayı 2 milyon 261 min 973, kredit məlumatlarının ümumi sayı isə 8 milyon 593 min 218 təşkil edir. Reyestrdə olan zaminlər haqqında məlumatların sayı 1 milyon 64 min 867-dir.
Hökumət rəsmən ölkədə yoxsulluğun 5 faiz həddində olduğunu iddia edir. Ölkədə iki milyon iki yüz mindən çox vətəndaşın banka borcu varsa, bu halda, yoxsulluq həddinin 5 faiz olduğunu iddia etmək heç bir məntiqə sığmır.
Iqtisadçı-ekspert Nemət Əliyev deyir ki, bu gün Azərbaycanda problemli kreditlər bütövlükdə kredit portfelinin təxminən 5,5 faizini təşkil edir. Bu rəqəm 1 milyard manata yaxındır. Əhalinin 1 milyarda qədər vəsaiti banklara qaytara bilməməsi isə çox ciddi problemdir: “Üstəlik, problemli kreditlərin həcmi günü-gündən də artır. Deməli, problemli kredit götürməyə cəlb olunanların miqyası ölkə üzrə böyüyüb. Elə bir sosial-iqtisadi şərait yaradılıb ki, həmin şərtlər altında normal şəkildə yaşamaq mümkün deyil. Hökumət yoxsulluq faizinin aşağı salınmasını iddia edirsə, məsələnin daha çox bu tərəfinə diqqət yetirməlidir. Hökumət öz hesablamalarında minimal istehlak səbətini nəzərdə tutur. Faktiki olaraq hökumətin müəyyən etdiyi minimal istehlak səbətinin məbləğilə bir ay keçinmək mümkün deyil. Üstəlik, əhalinin milyonlarla kəsiminin banklardan asılı olduğunu nəzərə alanda, mənzərə tam aydınlaşır. Əhalinin vəziyyətinin çox acınacaqlı olduğu kimsəyə sirr deyil. Hökumət bunun qarşısını almaq üçün ilk növbədə qeyri-neft sektorunun inkişafına təkan verməlidir. Çünki ölkə əhalisinin böyük hissəsi bu sektorda çalışır”.
Ekspertin fikrincə, hökumət özünün yürütdüyü siyasətdə dəyişiklik etməlidir. Bu isə kiçik faizli kreditlər formasında, istehsalın, xidmət sferasının stimullaşdırılması fonunda olmalıdır. Insanların normal şəkildə öz işini qurmasına maneçilik, əngəllər yaradılmaması da əsas vəzifələrdən sayılmalıdır.
Ekspert qeyd edir ki, Dövlət Neft Fondunun xaricdə yerləşdirilən vəsaitlərinin 5-10 fazi ölkəyə yönəldilsə, əhali rahat şəkildə özünə gün ağlaya bilər.
Nigar