“Sağ-salamatam, hazırda xidmət başındayam”
Bunu APA-ya açıqlamasında mətbuatda qətlə yetirildiyi barədə məlumatlar yayılan, Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin rəisi Faiq Bədəlov deyib. O qeyd edib ki, bu barədə yayılan məlumatlar yalandır: “Bilmirəm, kimlər, hansı məqsədlə haqqımda belə yalan xəbərlər uydurub. Mən sağ-salamatam, hazırda xidmət başındayam”.
Qeyd edək ki, bu gün bəzi KİV-də F. Bədəlovun xüsusi amansızlıqla qətlə yetirilməsi barədə məlumatlar yayılıb.
***
Daxili İşlər Nazirliyi (DİN) Bakıda polis rəisinin öldürülməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya açıqlamasında bu barədə yayılan məlumatların yalan olduğunu deyib: “Binəqədi rayonu ərazisində bu gün nəyinki qətl hadisəsi, ümumiyyətlə, heç bir hadisə baş verməyib. Polis əməkdaşının qətlə yetirilməsi barədə bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlar kökündən yalandır”.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da APA-ya bildirib ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin rəisi Faiq Bədəlovun qətlə yetirilməsi ilə bağlı bəzi KİV-də yayılan xəbərlər həqiqəti əks etdirmir: “Bu məlumatlar yalandır və tərəfimizdən qəti şəkildə təkzib olunur”.
Eldar Sultanov həmçinin yalan və dəqiqləşdirilməmiş məlumatların yayılmasının yolverilməzliyi barədə KİV nümayəndələrinə xəbərdarlıq edib.
APA-nın əldə etdiyi məlumata görə, bu gün Binəqədi Rayon İcra Hakimiyyəti Xocasən qəsəbəsində qanunsuz tikililərlə bağlı reyd keçirib. Polis əməkdaşları da reyd zamanı təhlükəsizlik tədbirləri həyata keçiriblər.
***
Xocasəndəki mənbələrdən aldığımız məlumata görə (virtualaz.org), hadisənin baş verdiyi ərazi polis mühasirəsindədir, qəsəbəyə giriş-çıxış bağlanıb, hadisə yerinə onlarla polis maşını cəlb olunub.
Qətlə yetirilən polisin kimliyini hələ rəsmən dəqiqləşdirmək mümkün olmayıb.
***
Bakının Binəqədi rayonunda, Xocasən qəsəbəsi ərazisində polis zabiti bıçaqlanaraq qətlə yetirilib.
Məlumatı virtualaz.org saytına həmin qəsəbədə yaşayan və hadisənin şahidi olan sakinlərdən biri verib. Hazırda cinayətin baş verdiyi ərazi polis mühasirəsindədir, polis zabitinin kim tərəfindən və hansı səbəblərdən bıçaqlandığı məlum deyil. Şahidlərin bildirdiyinə görə, qətlə yetirilən şəxs bölmə rəisidir, onun 40-cı polis bölməsinin rəisi olduğu bildirilir.
Virtualaz.org saytı məlumatı dəqiqləşdirmək üçün Binəqədi Rayon Polis İdarəsi, rayon prokurorluğu ilə telefon əlaqəsi saxlayıb. Lakin zənglərimizə cavab verən əməkdaşlar onlarda belə məlumatın olmadığını, DİN-in mətbuat xidmətinə müraciət etməyimizin lazım olduğunu bildiriblər.
DİN-in mətbuat xidmətinin rəisinin müavini Ehsan Zahidov əvvəlcə onlarda belə məlumatın olmadığını, araşdıracaqlarını deyib. Daha sonra E.Zahidov bildirib ki, 40-ci polis bölməsinin rəisinin bıçaqlandığı haqda deyilənlər yalandır.
Bununla belə bıçaqlanan şəxsin kimliyini hələlik DİN-lə dəqiqləşdirmək mümkün olmayıb.
Xocasən sakinlərindən aldığımız məlumatda isə deyilir ki, polis zabiti ilə bir qrup sakin arasında münaqişə yaranıb və sakinlərdən biri onu bıçaqlayıb.