AXCP sədrinin ölkəni gözləyən fəlakətlə bağlı xəbərdarlığına mütəxəssislər də qoşuldu
Dünya bazarında neftin qiyməti ilə bağlı baş verənlər gəlirləri neftdən asılı olan ölkələri ehtiyatlı siyasət yürütməyə vadar edir. Amma baş verənlərə rəğmən Azərbaycan hakimiyyəti tam fərqli siyasət yürüdür. Maraqlıdır ki, hazırda hakimiyyət xərclərə qənaət etmək əvəzinə onları daha da artırmaqdadır. Neft Fondunda olan 37 milyard dollarlıq vəsait isə yaxın zamanlar tükənə bilər.
Bu baxımdan AXCP sədri Əli Kərimlinin bu günlərdə Neft Fondundakı vəsaitləri gözləyən təhlükə ilə bağlı yazdığı status maraq doğurur. Dövlət başçısı İ.Əliyev hər dəfə açıqlamasında ölkənin neft vəsaitlərinə arxalansa da, məlum olur ki, onlar etibarlı deyil: «Azərbaycan yenə də iri addımlarla “irəliləyir”. Bu dəfə çox ciddi iqtisadi böhrana doğru. Son illərdə təkcə neft satışından 109 milyard dollar vəsait əldə etmiş ölkə müflis olmanın bir neçə addımlığındadır. Ölkə günü-gündən sosial-iqtisadi fəlakətə yaxınlaşır. Neft Fondunun tam olaraq boşalacağı gün çox yaxındadır. Yəqin ki, xeyli adamlar üçün bu fikirlər bir az təəccüblü göründü. Axı insanlar eşidirlər ki, İlham Əliyev hər fürsətdə pulumuzun çox olmasından danışır. Azərbaycan hakimiyyəti xüsusilə böyük və səmərəsiz layihələrə çox səxavətlə pul ayırır. Macarıstandan Çinə qədər xarici ölkələrə sərmayə qoyurlar. Təkcə Heydər Əliyevin heykəlinin Meksika paytaxtında qoyulduğu yerdə qalması üçün həmin ölkəyə 4 milyard dollarlıq investisiya paketi təklif edirdilər (yaxşı ki, Meksika rəhbərliyi bu təklifi qəbul etmədi). Bizim neft pullarından hətta Belarus diktatoruna da pay düşür. Bütün bunlardan sonra hökumət Neft Fondunda yenə də 37 milyard dollardan artıq vəsait toplandığını, neft gəlirlərinin isə artmaqda davam edəcəyini təbliğ edib, millətimizi aldadaraq arxayınlaşdırır. Yaxın illərdə ölkəmizi gözləyən iqtisadi fəlakətdən yayınmaq üçün nəinki tədbir görmür, əksinə bu mövzuda danışmağı gücü çatdığı qədər qadağan edir. Bəs əslində ölkənin real iqtisadi vəziyyəti necədir? Neft Fondunda toplanmış 37 milyard dollar vəsaiti hansı tale gözləyir?».
Araşdırmalar nəticəsində məlum olub ki, Neft Fondundakı 37 milyardlıq vəsait qısa müddət ərzində tükənə bilər. Azərbaycan hökumətinin reallaşdırmağı planlaşdırdığı həm beynəlxalq, həm də yerli layihələr onu deməyə əsas verir ki, neft pullarının tükənməsi uzaqda deyil. Bundan sonra isə Azərbaycanı ciddi imtahanlar gözləyir. Ə.Kərimlinin yazdığına görə, ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməməsi Azərbaycanı çətin durumla üz-üzə qoyur. Nəticədə hökumət 2015-ci ildən sonra büdcənin artan kəsirləri ilə üz-üzə qalacaq. Ə.Kərimli vurğulayıb ki, dünyada baş verənlərdən sonra neftin qiymətinin və hasilatının aşağı düşdüyü bir vaxtda hökumət hansı ağılla olduqca mənasız layihələrə bədxərclik edir. «Hansı haqla ölkənin son neft pullarını da sağa-sola səpələyir? Hansı haqla gələcək nəsilləri neft gəlirlərindən məhrum edir? Yaxın 2-3 ildə ölkəni müflis edəcəyini niyə xalqdan gizlədir?», deyə Ə.Kərimli vurğulayıb.
AXCP sədinin fikirlərinə iqtisadçıların da mövqeyini öyrəndik.
Nemət Əliyev: «Belə davam edəcəyi halda ölkə iqtisadiyyatında böhran qaçılmazdır»
İqtisadçı Nemət Əliyev hesab edir ki, belə davam edəcəyi halda ölkə iqtisadiyyatında böhran qaçılmazdır. N.Əliyev bildirdi ki, ölkə iqtisadiyyatının durumunu göstərən göstəricilər nəzərə alınsa ümumi vəziyyət ortada olar: «Bu ilin yanvar-oktyabr ayları ərzində ölkə üzrə bütün makroiqtisadi göstəricilər pisləşib. Sənaye, kənd təsərrüfatı istehsalı, xarici ticarət dövriyyəsi, qeyri-neft sektoruna kapital yatırımı, dövlət büdcəsinin gəlir və xərcləri azalıb. Qalan göstəricilər üzrə templər aşağı düşüb».
Məhəmməd Talıblı: «İnvestisiya layihələrinə maliyyə mənbəyi kimi Neft Fondu götürüləcəksə, iqtisadiyyatı ciddi fəsadlar gözləyir»
İqtisadçı Məhəmməd Talıblının bildirdi ki, əgər Azərbaycan hökuməti investisiya layihələri üzrə maliyyə mənbəyi rolunda Neft Fondunun aktivlərini götürəcəksə, iqtisadiyyatı ciddi fəsadlar gözləyir: «Amma o da istisna olunmur ki, bəzən özümüzün strateji valyuta ehtiyatlarımız olduğu halda, hökumət beynəlxalq maliyyə qurumlarından uzun müddətli kreditlər almaqla həmin layihələri maliyyələşdirir. Bu problemi “dərimizlə” hiss etmədiyimiz variantdır. Bütün bu xərclərin üzərinə hazırda toplam olaraq 6.3 milyardlıq xarici borcumuzu da gəlsək, xərclərimiz gəlirimizdən çox olacaq. Nəticədə Neft Fondunda olan aktivlərdən daha artıq xərclərimizin olması meydana çıxar».
M.Talıblı bildirdi ki, ortaya maraqlı mənzərə çıxır. Hökumət ictimai vəsaitləri həm büdcə vasitəsilə, həm də Neft Fondunun köməyi ilə investiisya layihələrinə xərcləməyi düşünür. Bu ortalama olaraq ildə 7-8 milyard manat vəsait edir: «Bütün bu sürətli “isti pulların” xərclənməsindən sonra hökumətin investisiya staretgiyasını da görmək olmur ki, hansı həddə qədər infrastruktur layihələrinə xərclənəcək, hansı “doyum” nöqtəsində dayandırılacaq. Bu sonsuzluğa qədər davam edə bilər ki, bu zaman da səmərəliliyi ölçmək mümkün olmaz».
Samir Əliyev: « Azərbaycan neftdən asılı olduğuna görə ölkə iqtisadiyyatı böyük zərbə ala bilər»
İqtisadçı Samir Əliyev düşünür ki, Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafı ilə bağlı addımları bir müddət əvvəl atmalıydı. Amma qeyri-neft sektorunun inkişafı ilə bağlı addımların atılmadığını deyən S.Əliyev vurğuladı ki, artıq neft tükənməmiş onun qiymətindəki ucuzlaşma iqtisadiyyatda problemlərin yaranmasına səbəb olub. Neftin qiymətinin yaxın zamanlar bir qədər də aşağı düşəcəyinin proqnozlaşdırıldığını vurğulayan S.Əliyev bildirdi ki, hətta qiymətlərin 50 dollara qədər düşməsi də gözlənilir. Amma hər bir halda qiymət 90 dollardan yüksək olmayacaq: «Nəticədə Azərbaycan öz valyuta ehtiyatlarına müraciət etməli olacaq. Təbii ki, bu istiqamətdə ilk növbədə Neft Fondu yada düşür. İqtisadiyyat insan mədəsi kimi bir şeydir. İnsan nə qədər çox yeyirsə onun mədəsi zaman ötdükcə daha çox qida tələb edir. Bizim iqtisadiyyat da o formadadır. İqtisadiyyat böyüyüb. Ona görə də hazırda iqtisadiyyatın tələblərini kiçiltmək problemlər yarada bilər. Ona görə Neft Fondundan vəsaitlər yönəldilir».
S.Əliyev bildirdi ki, amma Neft Fondunun hazırda durumu elədir ki, neftin qiyməti aşağı düşəcəyi təqdirdə gələcək nəsillər üçün vəsait yönəltmək mümkün olmayacaq. Belə çıxır ki, hökumət büdcə qarşısındakı öhdəliklərini yerinə yetirmək üçün məcbur qalıb Neft Fondundakı aktivləri büdcəyə transfer etmək məcburiyyətində qalacaqdır: «Hökumət büdcədən kənar layihələrin də yerinə yetirilməsi üçün Neft Fondundakı vəsaitlərdən istifadə etməyə məcbur olacaq. Rusiyada valyuta ehtiyatlarının azalması müşahidə edilir. Azərbaycan üçün də oxşar ssenari mümkündür. Bu ona gətirib çıxaracaq ki, Azərbaycan iqtisadiyyatı neftdən asılı olduğuna görə ölkə iqtisadiyyatı böyük zərbə ala bilər. Çünki Azərbaycanda qeyri-neft sektoru faktiki olaraq yoxdur».
Ölkə iqtisadiyyatının inhisarçıların əlində olduğunu deyən S.Əliyev bildirdi ki, büdcə ödəmələri ilə bağlı ciddi problemlər yaranıb. Ona görə neft gəlirləri tükənəndən sonra iqtisadi problemlər tədricən üzə çıxacaq: «Çıxış yolu gec də olsa ölkədəki inhisarın aradan qaldırılması ilə bağlıdır. Neft Fondunun vəsaitlərinin bəlli hissəsi ölkə iqtisadiyyatına yönəlməlidir».
Xəyal