“Leyla Yunus yarımcan vəziyyətdədir”

Vəkil Ramiz Məmmədov: «Bəlkə həyatının son aylarını, hətta bəlkə də son həftələrini yaşayır»

Hazırda Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasında saxlanılan Leyla Yunusun vəkili Ramiz Məmmədov hüquq müdafiəçisinin durumunun acınacaqlı olduğunu bildirib. Bu barədə “BBC Azərbaycanca”ya açıqlama verən vəkilin sözlərinə görə, aparılan müalicə də onun xəstəliyinə adekvat deyil. “Biz bu insanı itirə bilərik, çünki vəziyyət bu cür davam etsə, o, dünyasını dəyişə bilər. Təcridxanada onun özünün mənə dediyinə görə, bəlkə həyatının son aylarını, hətta bəlkə də son həftələrini yaşayır”, – deyə vəkil bildirib.

Ramiz Məmmədov dünən təcridxanada Leyla Yunusla görüşüb.

Ədliyyə Nazirliyi Tibb Baş Iradəsinin rəis müavini Iftixar Qurbanov isə hüquq müdafiəçisinin həyatı üçün təhlükəli heç bir xəstəliyinin olmadığını iddia edir.

Qeyd edək ki, ötən həftənin sonunda Leyla Yunusun digər vəkili Elçin Qəmbərov da təcridxanada hüquq müdafiəçisinin vəziyyətinin kəskin ağırlaşması haqda xəbər yaymışdı. Vəkilin sözlərinə görə, hüquq müdafiəçisinin qaraciyərində parçalanma başlayıb, özü kəskin arıqlayıb.

“Həbsxana rejimi şəkərli diabet xəstəsi olan Leyla Yunusun səhhətini daha da pisləşdirir”, – deyə vəkil bildirib.

Ombudsman Aparatının əməkdaşı Vüqar Məmmədov bildirib ki, hüquq müdafiəçisinin səhhəti daim nəzarətdə saxlanılır, müayinələr onun səhhətində ciddi problem olmadığını göstərib.

Vüqar Məmmədov Leyla Yunusun qaraciyərində parçalanma başlaması ilə bağlı vəkilin dediklərindən xəbərsiz olduğunu və tezliklə onunla görüşəcəyini qeyd edib.

Leyla Yunusla dünən görüşən vəkili Ramiz Məmmədov onun “yarımcan vəziyyətdə” olduğunu deyir: “Vəkil həkim deyil. Təcridxanada Penitensiar Xidmət Baş Tibb müəssisəsi, Müalicə müəssisəsi və sanitariya şöbəsi var, amma bunların heç birisinin müalicəsi adekvat deyil”.

Baş Tibb Idarəsinin rəis müavini isə Leyla Yusunun vəziyyətinin “kafi” olduğunu və onun yalnız şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini bildirib: “Qaraciyərindən götürülmüş laborator analizlərinin nəticələrində qaraciyərin funksialarının normal olduğu görünür. Onda kəskin arıqlama müşahidə edilmir”.

Xatırladaq ki, Sülh və Demokratiya Institutunun (SDI) rəhbəri Leyla Yunus dövlətə xəyanət, dələduzluq, vergidən yayınma kimi ittihamlarla iyulun 30-da həbs edilib. Sentyabrın 25-də hüquq müdafiəçisinin vəkillərinin birgə yaydığı məlumatda Leyla Yunusun istintaq təcridxanasının əməkdaşı tərəfindən zorakılığa məruz qaldığı bildirilib.

Oktyabrın ortasında ABŞ Dövlət Departamenti Leyla Yunusun səhhətinin pisləşməsinə baxmayaraq, məhkəmə qarşısına çıxarılmadan, həbsdə saxlanılması ilə əlaqədar ciddi narahatlığını ifadə edib.

Avropa Şurasının Insan Haqları üzrə komissarı Nils Mujnieks Azərbaycana son səfəri haqda şərhlərində Leyla Yunusun səhhəti barədə də yazıb: “Mənim Azərbaycandakı bütün həmkarların həbsxanadadırlar. Leyla Yunusu Bakının ətrafındakı məhkəməyə qədər təcridxanalardan birində görmək ürək ağrıdırdı”.

Nils Mujnieks bildirir ki, 58 yaşlı Leyla Yunusun səhhəti bərbad vəziyyətdədir. Lakin ona ən çox iztirab verən 26 ildir evli olduğu həyat yoldaşı, özü də həbsdə olan Ariflə görüşdən məhrum edilməsidir.