Vüqar Məhərrəmov: «Tanınmış məhkumlardan əfvlə bağlı bizə müraciət edən olmayıb»
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində əfv gözlənilir. Bu barədə Ombudsman Aparatının Milli Preventiv Mexanizm qrupunun rəhbəri Vüqar Məhərrəmov bildirib.
Əfv olunmaq istəyən məhbusların sayının artdığını deyən Vüqar Məhərrəmovun sözlərinə görə, əfv üçün müraciət edən kişilərin sayı qadınlardan daha çoxdur: “Biz əfvlə bağlı müraciətləri hər ayın axırı Əfv Məsələləri üzrə Komissiyaya göndəririk. Bu ayın sonunda da müraciətləri Komissiyaya göndərəcəyik. Qurban bayramındakı əfv sərəncamından sonra müraciət edənlərin sayı daha da artıb. Əfv sərəncamı prezidentin müstəsna səlahiyyətinə daxildir. Bizdə cəmi 400-ə yaxın məhkum qadın var. Amma kişi məhkumların sayı çoxdur. Buna görə də əfvlə bağlı müraciət edən kişilərin sayı da qadınlardan daha çoxdur.
Tanınmış məhkumlardan isə hələ ki, əfvlə bağlı bizə müraciət edən olmayıb. Biz məhkumlar arasında əfvetmənin qaydaları ilə bağlı maarifləndirmə işləri aparırıq”.