Fikrət Məmmədovun açıqladığı statistika ilə İman Nağıyevin dedikləri arasında kəskin fərqlər var
Müzəffər Baxışov: «Məhkəmələrin fəaliyyətinə statistik rəqəmlərə görə deyil, konkret işlər üzrə münasibət bildirmək lazımdır»
Azərbaycanda məhkəmə sistemi ilə bağlı problemlər tanınmış beynəlxalq təşkilatlar tərəfindən sərt tənqid olunsa da hakimiyyət təmsilçiləri tam başqa statistik rəqəmləri ortaya qoyurlar.
«Azərbaycan» qəzetində dərc olunan məqaləsində məhkəmə qərarlarının icrası sahəsindəki vəziyyətdən söz açan ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun söylədikləri də bu qəbildəndir. F.Məmmədov bildirib ki, icra işinin təkmilləşdirilməsi diqqətdə saxlanır, məhkəmə qərarlarının icra olunmamasına görə zəruri təsirli tədbirlər görülür. Nazirin yazdığına görə, bu ilin təkcə 9 ayında icra işlərinin sayı ötən ilin illik göstəricilərindən də çox artaraq 231 mini ötüb, onun da 70%-ə yaxınının icrası vaxtında təmin olunub. Altı ay ərzində ölkə məhkəmələrində bütün kateqoriyalar üzrə 143 min işə baxıldığını bildirən ədliyyə naziri birinci instansiya məhkəmələrində təmin olunan iddiaların sayının artdığını da qeyd edib. Fikrət Məmmədovun yazdığına görə, birinci instansiya məhkəmələrində təmin olunan iddiaların sayı mülki işlər üzrə 94.5%-ə, iqtisadi mübahisələr üzrə 97%-ə çatıb, inzibati mübahisələr üzrə isə 83.6% təşkil edib. Onun sözlərinə görə, mülki işlər üzrə yekun qərarların 90%-ə qədəri ilə tərəflər razılaşıb.
Amma maraqlıdır ki, ədliyyə nazirinin açıqlaması Bakı Apelyasiya Məhkəməsinin və Hakimlərin Seçki Komissiyasının sədri İman Nağıyevin bir müddət əvvəl dedikləri ilə ziddiyyət təşkil edir: «Bakı Apelyasiya Məhkəməsi yerli məhkəmələrin qəbul etdiyi qərarların təxminən 30 fazini ləğv edib. Bunun bir çox səbəbi var: «Bunlar əsasən sənədlərin hazır olmaması, obyektiv araşdırılmama, tərəflərin iştirak etməmələri və s. hallarla bağlıdır”.
İ.Nağıyev Ali Məhkəmə tərəfindən Bakı Apelyasiya Məhkəməsində qəbul edilən qərarlarla bağlı baxılan işlərin təxminən 18-20 faizinin geri qaytarıldığını da açıqlamışdı.
Tanınmış hüquqşünas Müzəffər Baxışov bildirdi ki, insanların məhkəmələrə müraciət etməsi yaxşı haldır. Amma təqdim olunan statistik rəqəmlərdən çıxış edərək nəticəyə gəlmək olmaz: «Bu rəqəmlər həqiqəti əks etdirmir. Ola bilər ki, məhkəmə iddiası əsassız təmin edilib. Ona görə bu rəqəmlərdən çıxış edərək, məhkəmələrin fəaliyyətinə qiymət vermək olmaz. Məhkəmə işlərini dəqiq bilmədən statistiq rəqəmlərlə məhkəmələrin fəaliyyətinə qiymət vermək qeyri-mümkündür».
M.Baxışov hesab edir ki, məhkəmələrin fəaliyyətinə statistik rəqəmlərə görə deyil, konkret işlər üzrə münasibət bildirmək lazımdır.
Xəyal