Nemət Əliyev: «Əmanətlərin əksəriyyətinin Bakıdakı banklara yerləşdirilməsi, rayonların zəif inkişaf etməsilə bağlıdır»
Paytaxtla regionlar arasında bank əmanətlərinin fərqi azalmır. Azərbaycan Milli Bankının məlumatına görə, 1 oktyabr üçün əhalinin əmanətlərinin 93 faizi Bakının payına düşür. Onların əmanətləri 6 milyard 430 milyon 8,7 min manat, orta faiz dərəcəsi isə 8,1 faizdir.
Özü də Bakı sakinləri əmanətlərini milli valyuta ilə yatırmağa üstünlük verirlər. Milli valyuta ilə əmanətlərin payına 4 milyard 14 milyon 175,8 min manat və ya Bakı üzrə bütün əmanətlərin 62,4 faizi düşür. Xarici valyuta ilə əmanətlərin payına 2 milyard 415 milyon 832,9 min manat və ya Bakı üzrə bütün əmanətlərin 37,6 faizi düşür.
Məlumatda o da qeyd olunur ki, regionlarda vəziyyət başqadır. Bəllidir ki, paytaxtda fəaliyyət göstərən bankların rayonlarda da filialları var. Lakin bölgələrdə əhali banklara əmanət yatırmır. Ya əhalinin əlavə pulu yoxdur, ya da banklara etibar etmirlər.
Bölgələrdə paytaxta nisbətən həyat şəraitinin aşağı səviyyədə olması heç də sirr deyil. Bu, bankların rayonlar üzrə göstəricilərindən də görünür. Belə hiss olunur ki, regionlarla müqayisədə Bakıda həyat var.
Iqtisadçı-ekspert Nemət Əliyev deyir ki, banklar mərkəz olaraq Bakıda yaranıb. Sonrakı dövrdə isə daha çox müştəri cəlb etmək, kommersiya maraqları üçün kənd rayonlarında filiallarının sayını artırıb. Ekspertin sözlərinə görə, bankların paytaxtda yerləşən mərkəzi ofisləri daha öncədən fəaliyyət göstərdiyi üçün maliyyə vəsaitləri və yerləşdirilən əmanətləri daha çoxdur: “Bu amillər də təsir edir. Psixoloji amillər də burada rol oynayır. Əhali mərkəzi ofislərin daha çox etibarlı olması haqqında düşüncələrə qapılıb. Təəssüf ki, Azərbaycanda belə bir psixoloji faktorlar var”.
Ekspert qeyd edir ki, ölkənin digər rayonlarıyla müqayisədə kapital, işçi qüvvəsi, maliyyə vəsaitləri, iş yerləri, gəlir gətirən çeşidli sahələr paytaxtda daha çox mərkəzləşib. Bu isə həlledici amildir. Kapitalın Bakıda təmərküzləşməsi məsələyə öz təsirini göstərib: “Rayon və kənd yerlərilə müqayisədə paytaxtda dolanışıq mümkün hesab olunur. Kənd rayonları, regionlar zəif inkişaf edib, insanlara qayğı çox da diqqətçəkən deyil. Əsasən regionlarda əhalinin dolanışığı kənd təsərrüfatından gəlir. Bu sahələrə isə dövlətin qayğısı aşağı səviyyədədir. Kənd rayonlarının əhalisinin gəlirləri çox azdır, onu da yalnız ərzağa xərcləyirlər. Əmanətlərin əksəriyyətinin Bakıdakı banklara yerləşdirilməsi, paytaxta cəlb olunması da rayonların zəif inkişaf etməsilə bağlıdır”.
Nigar