Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən, Yevlax sakini, 2000-ci il təvəllüdlü Nazim Bəkirovun işi ilə bağlı məhkəmə prosesi başa çatıb. Hakim Əlisultan Osmanov sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin qərarı ilə təqsirləndirilən 14 yaşlı N. Bəkirov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Nazim Bəkirovu bu ilin aprel ayında Yasamal və Nəsimi rayon Polis İdarələrinin əməkdaşları saxlayıb. O, Mədinə Ağcayevaya məxsus mağazadan 630 manat pul, danışıq kartları və tütün məmulatını, Şirzad İbrahimovun cibindən isə 450 manat pul oğurladığı üçün saxlanılıb.
İstintaqla müəyyən edilib ki, Nazim Bəkirov ötən il dekabrın 28-də Rəşad Abdullayevə məxsus “VAZ-2107” markalı avtomobildən 1200 manat, maqnitafon və görüntü kamerası, Arzu Allahverdiyevanın gözəllik salonundan 200 manat pul, Sahib Muxtarova, Ramil Abbasova, Şamil Namazova və Aqil Abbasova məxsus mağazalardan pul və ərzaq məhsulları oğurlayıb.