Firmanın deputat rəhbəri «Azadlıq» qəzetinə olan 70 min manatdan artıq borcu vermir
“Qasid” firması müflis olub və artıq qəzetlərin bu şəbəkə vasitəsi ilə pərakəndə satışı dayandırılıb. Bu barədə “musavat.com”a “Yeni Müsavat” qəzetinin yayım direktoru Abbas Ismayılov məlumat verib.
O bildirib ki, artıq 1 noyabrdan etibarən “Qasid” firması “Yeni Müsavat”ı yayım üçün götürməyəcək: “Buna səbəb firmanın müflis olması və redaksiyalara satılan qəzet nüsxələrinə görə pul ödəyə bilməməsidir. Bizə rəsmən bildirdilər ki, yalnız abunələr üçün qəzet nüsxələri götürüləcək. Pərakəndə satış dayandırılır”.
Paytaxtın əsas mətbuat yayımı firması olan “Qasid”in bir sıra qəzetlərə xeyli məbləğdə borcu var. Amma ən böyük borcu “Azadlıq” qəzetinədir.
“Azadlıq”ın baş redaktorunun birinci müavini Rahim Hacıyev deyir ki, “Qasid”in redaksiyaya borcu 70 min manatı keçib. Borcu almaq üçün “Azadlıq” qəzetinin kollektivi dəfələrlə “Qasid”in ofisi qarşısında aksiya keçirərək, firmanın deputat olan rəhbəri Mirkazım Kazımovdan pulunu tələb etsə də, heç bir müsbət nəticəsi olmayıb. Bununla belə, kollektiv etiraz aksiyalarını davam etdirmək niyyətindədir.
“Çünki redaksiyamız çox ağır maliyyə böhranı içindədir. Qəzetimizin maddi vəziyyəti çox pisdir. ”Qasid”in bizə olan borcu kollektivi və redaksiyanı xilas edə biləcək qədər böyük bir məbləğdir. Amma borcumuzu ala bilmirik”, – deyə Rahim Hacıyev bildirib.
Informasiya şöbəsi