Amerikalı analitik ölkədə və regiondakı vəziyyəti təhlil edib
«Əliyev vətəndaş cəmiyyətinin müdafiəsi istiqamətində ciddi addımlar atsa, ölkənin radikallar üçün cəlbediciliyi azala bilər»
ABŞ-da çap olunan “National Interest” jurnalında müəllif Odri Alstat Azərbaycandakı vəziyyəti təhlil edib. Massaçusets Universitetinin professoru olan müəllif Azərbaycanda repressiyalar, siyasi, sosial ədalətsizlik fonunda ölkəmizdə dini radikalizmin güclənməsi ehtimalından bəhs edən geniş məqalə hazırlayıb. Məqalənin “Bu, IŞID-in növbəti hədəfi ola bilərmi?” başlığıyla yayımlanan birinci hissəsinin tərcüməsini ötən sayımızda təqdim etmişdi. Məqalənin ikinci hissəsində müəllif dini ekstremizmlə yanaşı, Rusiyanın qonşularına təsiri, separatçılıq meylləri barədə fikirlərini yazıb:
(Əvvəli ötən sayımızda)
Narazılıqların dinc yolla aradan qaldırılması üçün başqa yollar yoxdur. Müstəqil hüquq müdafiəçiləri, jurnalistlər, bloggerlər təqib olunur, döyülür, həbs olunur. Bu yay bir çox hüquq müdafiəçiləri həbs olundu, onlar vətəndaş cəmiyyətinin aparıcı simalarıdır. Xüsusən, fəalların həbsxanada döyülməsi, işgəncələrə məruz qalması şok yaradır. Beynəlxalq aləmdə geniş tanınmış və diabet xəstəliyindən əziyyət çəkən Leyla Yunusa qarşı eyni cür davranılıb. Bir sıra QHT-lərin bank hesabına həbs qoyulub, ofislərində axtarış aparılıb, fəaliyyətləri dayandırılıb. “Amnesty International”, “Freedom House”, ATƏT kimi nüfuzlu beynəlxalq təşkilatların baş verənlərlə əlaqədar tənqidi bəyanatları Azərbaycanın hökumət rəsmiləri tərəfindən rədd edilir. Məmurlar bu bəyanatları “Azərbaycan əleyhinə addım” kimi qiymətləndirir.
Rejim təhlükəsizliyin təmin olunmasından, xüsusən Rusiya ilə münasibətdə müstəqilliyin qorunub saxlanmasından, terrorçulara qarşı mübarizənin vacibliyindən danışır. Belə problemlər var. Amma başa düşmək çətindir ki, axı hüquq müdafiəçiləri, bloggerlər, jurnalistlər Azərbaycanın müstəqilliyinə necə təhlükə yarada bilər?
Sovet Ittifaqı dövründə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşamış ermənilər ayrılma tələbilə bu ölkəni müstəqil elan etdilər. 1994-cü ilədək davam edən 6 illik müharibə ərzində ermənilər Azərbaycan torpaqlarının 17 faizini işğal elədilər. Azərbaycan ərazi bütövlüyünü əsas gətirərək, Dağlıq Qarabağın erməni icmasının bu tələbini qəbul eləmir. Bu məsələdə Azərbaycan Rusiyadan ehtiyat etməlidir. Məsələ burasındadır ki, Ermənistanın rəsmi Moskva ilə hərbi, son illərdə həm də iqtisadi müqaviləsi var. Azərbaycanın əsas müttəfiqi NATO üzvü olan Türkiyədir. Amma Türkiyə özü də ermənilərin və kürdlərin ərazi iddiaları ilə üz-üzə qalıb. Dağlıq Qarabağda hərbi əməliyyatların bərpası regionda dəhşətli konfliktə gətirib çıxara bilər.
Qonşu Gürcüstan da Rusiyanın dəstəklədiyi milli azlıqların tələblərilə qarşıdurma vəziyyətindədir. Hər iki separatçı regiona – Cənubi Osetiya və Abxaziyaya Rusiya açıq dəstək verir. “Osetinləri müdafiə” adı altında Rusiya 2008-ci ildə Gürcüstana hərbi müdaxilə etmişdi. Rusiya prezidenti Vladimir Putin bu ilin əvvəlində Ukraynaya müdaxilə ilə “etnik rusları müdafiə etmək” adı altında qonşu suçveren dövlətlərin ərazisini işğal etməkdən çəkinməmək nümunəsini ortaya qoydu. Cənubi Qafqazda nə Gürcüstanda, nə də digər ölkələrdə rusların sayı o qədər çox deyil. Amma məlum olduğu kimi, Rusiya bundan əvvəl “osetinlərin müdafiəsinə qalxdığını” bəyan edərək, bu adla Gürcüstana müdaxilə etmişdi. Eyni addımı erməni müttəfiqləri və digərlərini müdafiə adı altında da ata bilər.
ABŞ-ın müdafiə naziri Heygel sentyabr ayında Tbilisidə olarkən Gürcüstanın potensial təhlükələrdən sığortalanmaq üçün NATO-ya üzvlüyü məsələsini müzakirə etmişdi.
Separatçılıq meylləri Cənubi Qafqazla məhdudlaşmır. Kürdlərin Irandan ayrılmağa çalışması çox xoşagəlməz nəticələrə səbəb ola bilər. Məsələ burasındadır ki, Iranda çoxlu sayda Azərbaycan türkü yaşayır. SSRI dağılandan sonra Şimali və Cənubi Azərbaycanın birləşməsi ideyası çox populyardır. Bu, Şimali Azərbaycandakı ayrı-ayrı qrup və şəxslərə ümid verir. Vaxtilə Azərbaycanın prezidenti olmuş Əbülfəz Elçibəy bu prosesə ciddi dəstək verib və bu da Bakı ilə Tehran arasında münasibətlərin gərginləşməsinin başlıca səbəbi olub.
Qonşu Rusiya, Yaxın və Orta Şərq, bütün Cənubi Qafqaz zəif nöqtələrdir. Kürdlərin ayrılması Cənubi Qafqazın hər üç ölkəsinə təsir göstərə bilər – Gürcüstan və Azərbaycan ərazi itirə bilər, amma Ermənistan bundan qazana bilər. Qeyd etmək yerinə düşər ki, Rusiya Krımı Ukraynadan qopartdı və bunu “öz müqəddəratını həll etmək” kimi qələmə verdi. Baş vermiş bu hadisə də Ermənistanın xeyrinə, Azərbaycan və Gürcüstanın isə əleyhinədir. Rusiyanın Cənubi Qafqazdakı proseslərə qarışması ilk növbədə Gürcüstan və Azərbaycan üçün ciddi təhlükədir.
Amma Azərbaycan haqda dəqiq informasiya olmadan bu ölkə üçün islam ekstremizminin nə qədər böyük təhlükə olmasına dair qəti fikir söyləmək çətindir. Əgər Əliyev hakimiyyəti vətəndaş cəmiyyətinin qurulması və müdafiəsi istiqamətində ciddi addımlar atsaydı, bu halda, ölkənin radikallar üçün cəlbediciliyi azala bilər.
Informasiya şöbəsi