Qubad Ibadoğlu: «Azərbaycan hökuməti neftdən gələn gəlirlərə arxayın olub»
Hökumət təmsilçiləri iddia edir ki, Azərbaycan öz iqtisadi göstəricilərilə Cənubi Qafqaz regionunda aparıcı mövqeyə malikdir. Amma fakt faktlığında qalır ki, Azərbaycanın büdcəsi günü bu gün də birbaşa neftdən asılıdır. Ölkə xaricə neft və neft məhsullarından başqa demək olar ki, məhsul idxac etmir. Qonşu Gürcüstanın sürətlə ixrac potensialını genişləndirməsinin əksinə olaraq, Azərbaycan hələ də yerində sayır.
Iqtisadçı-ekspert Rövşən Ağayev “facebook” hesabında yazıb ki, Gürcüstan təkcə son 2 ildə Rusiyaya ixracını 6 dəfə artırıb. Ekspertin sözlərinə görə, 2005-2013-cü illərdə Gürcüstanın ümumi ixracı 5 dəfə artaraq 3 milyard dollara çatıb: “Ilk baxışdan bu rəqəm heç nə deməyə bilər. Amma müqayisə üçün deyim ki, Azərbaycanın neft-qazsız ixracı təxminən 1.7 milyard dollardır. Cənubi Qafqazın başqa bir ölkəsi olan Ermənistanınkı isə 1.4 milyard dollar. Deməli, neft-qaz ixracını nəzərə almasaq, Azərbaycanın bütün ixracı, üstəgəl Ermənistanın ixracı Gürcüstanın göstəricilərinə bərabərdir.
Ixracın artım dinamikası və ixracın diversifikasiya səviyyəsi istənilən ölkənin rəqabət qabiliyyətli məhsul istehsalı baxımından potensialını qiymətləndirmək üçün son dərəcə vacib göstəricidir”.
Ekspert onu da qeyd edir ki, 2005-2013-cü illərdə Gürcüstanın ümumi ixracı 5 dəfə artdığı halda, Azərbaycanın qeyri-neft ixracı cəmi 50 faiz artıb.
Görəsən, Azərbaycan niyə Gürcüstan ola bilmir? Ölkəmiz neftdən savayı, hansı gəlirilə öyünə bilər?
Iqtisadçı-ekspert Qubad Ibadoğlu deyir ki, iqtisadi göstəricilərlə yanaşsaq, Azərbaycan Gürcüstandan dəfələrlə güclü iqtisadiyyata malikdir. Lakin məsələyə iqtisadiyyatın keyfiyyət göstəricilərilə yanaşsaq, ixracatda məhsullar çoxçeşidlidirsə və onun artım dinamikası yüksəkdirsə, Azərbaycan bu müqayisədə Gürcüstana uduzur: “Bunun səbəbi ölkə iqtisadiyyatının neftə bağlılığıdır. Ölkənin iqtisadiyyatı neftin hasilatının dəyişməsinə bağlıdır. Keyfiyyət göstəricilərində sahibkarlıq üçün mühitin yaradılması, iqtisadi azadlıq göstəricisi və digər məqamlarda Azərbaycan Gürcüstandan geri qalır. Onun da səbəbi Gürcüstanda həqiqətən iqtisadi azadlığın olması, inteqrasiya imkanlarından daha çox istifadə edilməsi, açıq ticarət, açıq bazar, idarəetmədə peşəkarlıq, yeni ideyalar və təşəbbüslərdir”.
Q.Ibadoğlu qeyd edir ki, hökumətdə neftin hasilatının yüksək olmasıyla bağlı özünəarxayınlıq yaranıb. Yəni, Azərbaycan Gürcüstan kimi daha azad, liberal, sərbəst şərait yaratmaqla, xarici investorları cəlb etməklə nailiyyətlər qazanmağa çalışmır. Neftdən gələn gəlirlərə arxayınlıq bunun daimi olacağına inamı gücləndirib: “Arxayınlıq yaranıb ki, neftin hasilatı daimi, qiymətlər də yuxarı olacaq, eləcə də gəlirlər gələcək və müəyyən adamlar həmin gəlirləri bölüşdürüb xərcləyəcək”.
Nigar