Rusiya bankları Ukraynada real qiymətləndirmə ilə 12,5 milyard dollar, konservativ qiymətləndirmə üzə isə 25 milyard dollar itiriblər. “Kommersant” qəzetinin xəbərinə görə, bu barədə Rusiya hökumətinin qapalı iclasında ölkənin iri kredit təşkilatlarının nümayəndələri bildiriblər. İtkilərin təxminən yarısı Rusiya banklarının Ukraynadakı törəmələrinin xalis aktivlərinin payına düşür. İtkilərin digər yarısı isə Ukraynadakı törəmələrin biznesinə – daşınmaz əmlaka, ofislərə, bölmələrə, torpağa, menecmentə və s.-yə qoyulan investisiyalarla bağlıdır.
“Kommersant” yazır ki, qapalı iclasda baş nazirin birinci müavini İqor Şuvalov, maliyyə naziri Anton Siluanov, iqtisadi inkişaf naziri Aleksey Ulyukayev, həmçinin dövlət banklarının- “Sberbank”ın başçısı German Qref, VTB-nin rəhbəri Andrey Kostin, VEB, “Qazprombank” və “Alfa-bank”ın təmsilçiləri iştirak ediblər.
Qeyd edək ki, bu ilin fevralında beynəlxalq reytinq agentliyi “Fitch” Rusiya bankları üçün Ukraynadakı riskləri 28 milyard dollar həcmində qiymətləndirmişdi. Oktyabrda isə digər beynəlxalq reytinq agentliyi S&P Rusiyanın üç iri bankının (“Sberbank”, VTB və “Qazprombank”) Ukraynadakı itkilərinin 400-500 mlrd rubl məbləğində olduğunu hesablayıb.