“Azərbaycan” qəzetinin bərpasının 25 illik yubileyilə əlaqədar Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlının təşkilatçılığıyla tədbir keçirilsə də, nədənsə, bu xəbər sözügedən qəzetdə çap olunmadı. Baxmayaraq ki, qəzetin baş redaktoru Bəxtiyar Sadıqov da tədbirdə iştirak etmişdi, həm də ən yuxarı başda əyləşmişdi.
Belə çıxır ki, Bəxtiyar Sadıqov deputat həmkarının keçirdiyi tədbiri legitim saymır. Hətta tədbirdəki çıxışında da dedi ki, Sabir Rüstəmxanlının bəhs etdiyi “Azərbaycan”la, hazırda nəşri davam edən “Azərbaycan”ın fərqi var. Çünki Sabir Rüstəmxanlı çıxışında belə bir fikir səsləndirmişdi: “Düzdür, qəzetin 90 illiyində bizim adımızı çəkməmişdilər, bununla bağlı narazılığımı bildirmişdim”.
Sabir Rüstəmxanlının yubiley narazılığı məsələsinə münasibət bildirən Bəxtiyar Sadıqov isə qeyd edib ki, 37 gün bundan əvvəl onlar özləri də qəzetin 90 illiyini qeyd edib: “Amma siz də indi bu qəzetin 25 illiyini qeyd edirsiz. Nəzərə çatdırım ki, bu ”Azərbaycan” qəzeti Cümhuriyyət dövründəki kimi parlamentin qəzeti yox, “Qarabağa Xalq Yardımı Komitəsi”nin tərkibində nəşr edilib. Həm də siz mətbuat naziri olduqdan sonra bu qəzetlə Milli Məclisin “Həyat” qəzeti birləşdi. Sizin qəzet o zaman Cümhuriyyət dövründə nəşr edilən “Azərbaycan” kimi dövlət orqanı olmayıb, daha çox müxalif mövqedə dayanıb”.
Xatırladaq ki, Cümhuriyyət dövründə nəşr olunan “Azərbaycan” qəzeti 1989-cu ildə Sabir Rüstəmxanlının rəhbərliyilə bərpa edilib. Hazırda isə “Azərbaycan”a Bəxtiyar Sadıqov rəhbərlik edir.