Əli Əhmədovun açıqlaması yaxın gələcək üçün bu məsələnin «dəfn olunduğundan» xəbər verir
Azərbaycanda icbari sığortanın tətbiqi ilə əlaqədar qanunvericilik bazası xeyli əvvəl yaradılıb. Amma qanun illərdir ki, kağız üzərində qalıb, onun tətbiqi üçün mexanizm işlənib hazırlanmayıb. Baş nazirin müavini Əli Əhmədov deyir ki, bu iş kifayət qədər maliyyə və əmək tələb edir. Ona görə də Əhmədov tələskənliyə yol verilməməsinin vacibliyini vurğulayır: “Bu mənada daha çox işləmək, yüz ölçüb bir biçmək lazımdır ki, səhv buraxılmasın”.
Icbari tibbi sığortanın tətbiqinin Azərbaycanın 10 milyona yaxın hər bir vətəndaşının marağına toxunan məsələ olduğunu deyən Əli Əhmədovun sözlərinə görə, bu məsələ kifayət qədər həssaslıq tələb edir.
APA-nın məlumatına görə, Əli Əhmədov deyib ki, ayrı-ayrı ölkələrin timsalında, xüsusilə keçmiş Sovetlər Birliyi ölkələrində tibbi sığortanın tətbiqi sahəsində bir sıra nöqsanlara yol verilib: “Bu da həmin ölkələrdə aparılan islahatların lazımi nəticəyə gətirib çıxarmasına imkan vermədi. Ona görə də çalışmalıyıq ki, tələsmədən, ancaq qarşımıza qoyduğumuz məqsədə qəti addımlarla gedərək, nöqsanlara yol vermədən insanların sağlamlığının qorunması üçün ən əlverişli sistemin yaranmasına nail ola bilək”.
Əli Əhmədovun bu açıqlaması uzun illərdir müzakirə edilən, fəqət hələ də kağız üzərində qalan icbari tibbi sığorta məsələsinin yaxın gələcəkdə reallaşmayacağından xəbər verir. Hərçənd, Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqi üçün lazım olan bütün hüquqi əsaslar var. Xatırladaq ki, hələ 1999-cu ildə “Tibbi sığorta haqqında” qanun, daha sonra bu qanunun tətbiqi barədə 30 dekabr 1999-cu il tarixli prezident fərmanı olub. Bundan başqa, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyasının həyata keçirilməsi üzrə Tədbirlər Planı” da hazırlanaraq Nazirlər Kabinetinin 11 avqust 2008-ci il tarixli 179 saylı qərarı ilə təsdiq olunub. Həmin Tədbirlər Planında icbari tibbi sığortanın tətbiqi Konsepsiyasının həyata keçirilməsi üçün görülməli olan işlərin bölgüsü və icraçı qurumların adları konkret şəkildə göstərilir. Bu Tədbirlər Planı adıçəkilən dövlət orqanları qarşısında əsas olaraq səhiyyənin maliyyələşdirilməsi sisteminin mövcud vəziyyətinin qiymətləndirilməsi, maliyyələşdirilmənin islahatı prosesinin normativ hüquqi tənzimlənməsi, qabaqcıl beynəlxalq təcrübənin tətbiqi və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin potensialının inkişafı, səhiyyənin maliyyələşdirilməsi sisteminin təkmilləşdirilməsi, tədris və maarifləndirmə, monitorinq və qiymətləndirmə vəzifələrini qoyur.
Icbari tibbi sığorta sisteminin vətəndaşların hər bir xəstəlik üzrə sığorta ödənişlərinə əsaslanan pulsuz müayinə və müalicəsini nəzərdə tutduğunu yada salsaq, məsələnin gecikməsi aydın olar.
Tibb sahəsi üzrə ekspert Rasif Bağırov deyir ki, icbari tibbi sığorta ilə bağlı proses sərbəst olmalıdır. Ekspertin fikrincə, buna kimsəni məcburi şəkildə cəlb etmək düzgün deyil. Imkanı olan şəxsin tibbi sığortadan istifadə etməsini mümkün sayan ekspert, bununla da şəxsin gələcəkdə sağlamlığı üçün qarant əldə etdiyini vurğulayır: “Istənilən vaxt şəxs müayinə və müalicədən keçmək imkanı əldə etmiş olur. Yaxın ölkələrin praktikasında tibbi sığorta sistemi tətbiq olunur. Azərbaycanda kompakt şəkildə işləməklə bu işin genişlənməsinə başlamaq olar. Azərbaycanda bəzi özəl klinikalarda tibbi sığortadan istifadə olunur. Ümumi icbari tibbi sığortaya da keçid mümkündür. Sığortanın könüllü və icbari variantlarıyla işə başlamaq olar. Hesab edirəm ki, bunu gecikdirməyin əhəmiyyəti yoxdur. Bakıda müəyyən tibb müəssisələri var ki, onlar iş yerlərilə əlaqə yaradaraq, müqavilə imzalayaraq sığortanın şərtlərini bildirirlər. Tibbi sığorta məsələsini əhali arasında, təkrar edirəm, həm könüllü, həm də icbari formada həyata keçirmək mümkündür. Işin başlanğıcı həmişə çətin olur, heç vaxt birdən-birə uğur əldə olunmur. Amma bu məsələdə tələsmək deyil, gecikmək olmaz”.
Nigar