Vəfa Quluzadə: «Bu reveransların hamısı bizim maraqlarımızın əleyhinədir»
ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündə sülh sazişinin əsas məqamları üzərində ciddi müzakirə gözləyir.
Bu barədə ATƏT-in mətbuat xidmətinin Minsk Qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri adından verdiyi açıqlamada qeyd olunur. Bildirilir ki, həmsədrlər prezidentlərin Soçi və Uelsdə baş tutmuş görüşlərinin tərəflər arasında “ünsiyyət kanalı” yaratdığını hesab edirlər: “Biz prezidentlərin Paris görüşündə sülh sazişinin əsas məqamlarının ciddi şəkildə müzakirəsini gözləyirik. Həmçinin ümid edirik ki, prezidentlər qarşılıqlı etimad və şəffaflıq yaratmağa hesablanan tədbirlər ətrafında razılığa gələcəklər. Həmsədrlər bu istiqamətdə bacardıqları köməyi göstərməyə hazırdırlar.
Həmsədrlər hesab edir ki, Minsk Qrupu tərəflərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini etibar etdiyi yeganə formatdır. Azərbaycan və Ermənistan rəhbərlikləri də həmsədrlərin səylərini dəstəklədiklərini ictimai şəkildə bəyan ediblər, biz də sülhə nail olmaq istiqamətində tərəflərə yardım etməyə hazırıq”.
Sülh sazişinin əsas məsələləri ətrafında heç bir razılığın olmadığını deyən politoloq Vəfa Quluzadə bura ərazi bütövlüyü, xalq və millətlərin müqəddəratının təyin edilməsi kimi məsələlərin də daxil olduğunu bildirir: “Onlar bunu bir uğur kimi göstərsələr də, əslində, fərqli heç nə gözlənilmir. Ermənilər ölkələrin ərazi bütövlüyünü prinsip kimi tanımadıqlarını deyəcək. Millətlərin müqəddəratına gəlincə, Qarabağ ermənilərinin müqəddəratını təyin ediblər. Son vaxtlar şayiə gəzir ki, Şotlandiya prinsipini Qarabağ məsələsində tətbiq etmək istəyirlər. Bunların hamısı cəfəngiyyatdır. Çünki Şotlandiya Ingiltərə tərəfindən işğal olunmayıb. Şotlandiyalılar oradan etnik təmizləməylə çıxarılmayıb. Ona görə də bu məsələnin Qarabağ məsələsinə dəxli yoxdur”.
V.Quluzadə Qarabağ məsələsində qaranlıq heç nə olmadığını vurğulayır. BMT-nin 4 qətnaməsini xatırladan politoloq, Ermənistanın işğalçı dövlət olduğunu qeyd edir. BMT Təhlükəsizlik Şurasının öz qərarlarını yerinə yetirmək üçün səy göstərməsini vacib sayan Vəfa Quluzadə Ermənistanın təcavüzkar adlandırılmalı olduğunu deyir: “Onlar niyə Ermənistanı cəzalandırmır?! Bütün bu məsələlərin hamısı Ermənistanın xeyrinədir. Ermənistan təcavüzkar olduğu halda, onu münaqişə tərəfi kimi təqdim edirlər. Bu isə ədalətsiz və qeyri-qanuni hərəkətdir”.
V.Quluzadə Ermənistanın təcavüzkar kimi damğalanmadığını və təcavüzün mahiyyətinin göstərilmədiyini qeyd edərək, burada Rusiyanın maraqlarını yada salır. Ermənistanın müstəqil dövlət olmadığını söyləyən politoloq, onu Rusiyanın marionetkası adlandırır: “Rusiya Ermənistan adıyla Azərbaycanın 20 faiz torpağını işğal edib ki, hər iki dövlətə diqtə edə bilsin. Bunların hamısı isə müzakirələrdən kənardadır. Ona görə də bütün bu jestlər, reveransların hamısı mənasızdır və hamısı da bizim maraqlarımızın əleyhinədir”.
Nigar