Cəmil Həsənli: “Onun əsəri plagiat deyil, parlaq müdafiədir”
Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun alimlik dərəcəsi ləğv ediləcək. Haqqın.az saytının verdiyi məlumata görə, bu barədə AMEA-nın Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov deyib. C.Bəhrəmov bunu L.Yunusun elmi əsərinin plagiat olması ilə əlaqələndirib: “Leyla Yunusun doktorluq dissertasiyasının ləğv edilməsi məsələsi AMEA Tarix İnstitutunda müzakirə edilir. Müvafiq müraciət yaxın günlərdə Prezident yanında Ali Attestasiya Komissiyasına göndəriləcək. Mənə dəqiq məlumdur ki, Leyla Yunus iki rusiyalı alimin elmi əsərlərini həyasızcasına köçürərək həmin fikirləri öz adına çıxıb. Ona görə də tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi Leyla Yunusa qanunsuz şəkildə verilib. Biz onun elmi dərəcədən məhrum olunmasını tələb edəcəyik. Başqalarının elmi fikir və ideyalarını həyasızcasına oğurlayıb öz adına çıxan adamlardan elmə heç bir fayda gələ bilməz”.
L.Yunusun dissertasiyasının plagiatlığı ilə bağlı xəbərlərin hüquq müdafiəçisinin həbsdə olduğu günlərdə meydana gəlməsi ictimai rəydə birmənalı qarşılanmayıb. Bəzi müxalif siyasilər hesab edir ki, əslində elmi plagiatlıqla bağlı xəbərin L.Yunusun həbsi ilə eyni vaxta təsadüf etməsi hər iki hadisə arasındakı əlaqədar xəbər verir. Başqa sözlə desək, baş verənlər L.Yunusa qarşı növbəti təzyiq vasitəsi kimi qiymətləndirilir ki, bu da bəzi hallarda sərt reaksiyalara səbəb olur.
Bununla bağlı Moderator.az saytı və”Hürriyyət” qəzetimizə açıqlama verən Milli Şuranın sədri, professor Cəmil Həsənli L.Yunusun əsərinin plagiat olması ilə bağlı səslənən fikirlərlə razılaşmadığını, bu ideyanın siyasi sifariş əsasında ortaya atıldığını qeyd etdi:
“Əvvəla L.Yunusun dissertasiyası Azərbaycanda təsdiq olunmayıb. L.Yunus SSRİ zamanında müdafiə edib. Onun müdafiəsi olduqca parlaq bir müdafiədir. Bu müdafiə orta əsrlər tarixi ilə bağlıdır. O, elə bir dövrdür ki, hər tədqiqatçı bu dövrə getmir. Bunun üçün elmi potensial və xarici dil imkanları mövcud olmalıdır. Buna görə də L.Yunusun dissertasiyasını SSRi Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyası təsdiq edib. Əgər burada bir plagiatlıq var idisə, bu vaxta qədər niyə ortaya çıxarılmırdı? Hər bir dissertasiya işində ayrı-ayrı elmi əsərlərə istinadlar olunur. Bu, plagiatlıq deyil. Plagiatlıq odur ki, konkret olaraq 5-10 səhifəlik yazını hansısa əsərdən vergülünə, nöqtəsinə qədər köçürüb öz fikirlərin kimi qələmə verəsən. Belə olarsa, bu plagiatlıqdır. Amma hansısa əsərə istinad etmək plagiatlıq deyil. Hesab edirəm ki, bu məsələ siyasi xarakter daşıyır və siyasi sifarişdən irəli gəlir”.