Fuad Qəhrəmanlı: «Mitinqə saxta IŞID-çilərin göndərilməsi iqtidarın demokratiyaya qarşı siyasi mənəvi terror aktı idi»
Milli Şuranın 12 oktyabr mitinqində hakimiyyətin göstərdiyi “performans” hər birinizə məlumdur. Belə ki, repressiyaların gücləndiyi bir dövrdə minlərlə vətəndaşın “Məhsul” stadionuna toplaşması hakimiyyətin təzyiqini qaldırdı. Məhz buna görə də YAPski “IŞID”-çilər peyda oldu.
Ancaq bu “fantaziya”ları da öz başlarında çartladı. Əvvəlcə məlum oldu ki, “IŞID”-çilərdən biri sələfilərin lideri Qamət Süleymnaovun qohumudur. Yəni sübuta yetirildi ki, bu, hakimiyyətin təxribatıdır və Milli Şuranın bu “tamaşa”ya aidiyyəti yoxdur.
Ötən gün isə, “Azadlıq” qəzetinin yazarı Natiq Ədilov 2-ci “IŞID”-çinin “yaradıcılığ”ını üzə çıxardı. Məlum oldu ki, bu adam Orxan Məmmədzadədir və “IŞID”-çilikdən başqa, üzə durmağı da bacarır.
Belə ki, hüquq müdafiəçisi, vicdan məhbusu Pərviz Həşimlinin məhkəməsində məhz bu adam şahid qismində iştirak edib.
Əslində, hakimiyyətin “IŞID planı” mitinq məkanında ifşa olunmuşdu. Ona görə ki, mitinqi mühasirəyə alan, adamları bir-bir yoxlayan polislərin arasından bu adamlar rahat keçə bilmişdi. Mitinqə gələnlərin plakata yazdıqları şüarları hərf-hərf oxuyan polislər 5 IŞID-çini yoxlaya bilməmişdilər. Yəni bu təxribatçıları polis yox, cəbhəçilər zərərsizləşdirdi. Hətta, bu IŞID-çilər hökumətin təxribatçıları olmasaydılar belə, yenə də hökumətin məsuliyyəti azalmazdı. Çünki, mitinq iştirakçılarının təhlükəsziliyinə belə təminat vermək biabırçılıqdır.
Bir sözlə, həm birinci, həm də ikinci “IŞID”-çinin ifşası, birbaşa hakimiyyətin ifşası oldu. Məlum oldu ki, bu hakimiyyət bütün iyrənclikləri qəbul edəcək qədər cılızlaşa bilir.
Mitinqin təşkilatçılarından olan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, hakimiyyət növbəti dəfə ifşa oldu və demokratiyaya münasibətini göstərdi: “Bu fakt onu göstərir ki, hakimiyyət demokratik azadlıqları boğmaq, siyasi müxalifətin fəaliyyətini əngəlləmək üçün hətta terror təşkilatlarından belə bəhanə kimi istifadə edir. Terror bütün dünyada lənətləndiyi bir vaxtda iqtidar IŞID kimi bir terror təşkilatının arxasında gizlənərək müxalifətə qarşı ən iyrənc üsullara əl atır. Buradan o nəticə çıxır ki, hakimiyyət demokratik qüvvələri əslində terrorçu təşkilatlarla əlaqələndirərək dünyaya təqdim etməklə, müxalifətə qarşı zorakılıqlara, represiyalara haqq qazandırmağa çalışır. Ancaq bu cəhd alınmadı və mitinqə göndərilmiş saxta IŞID-çilərin ifşa olunması hakimiyyətin özünü ifşa etdi. Belə məlum olur ki, əslində, bu hakimiyyəti idarə edənlərin demokratiyaya münasibəti IŞID-dən o qədər də fərqlənmir. Bu baxımdan mitinqə saxta IŞID-çilərin göndərilməsi də iqtidarın demokratiyaya qarşı siyasi mənəvi terror aktı idi. Bu gün bütün dünya müxalifətə, vətəndaş cəmiyyətinə qarşı hakimiyyətin sərt repressiyalarını ən kəskin formada tənqid edir, hakimiyyəti zorakılıqdan, insan haqlarını pozmaqdan çəkinməyə çağırırır. Demək, dünyanı bu cür yalanlarla aldatmaq mümkün də deyil və bu gün beynəlxalq aləm Azərbaycan iqtidarının özünü demokratiya üçün təhlükə sayır”.
Akif