Ekspertlər Quba və Ismayıllı olaylarının təkrarlana biləcəyi barədə deyilənləri dəyərləndirdilər
“Azad Avropa”nın əməkdaşı Liz Fuller Azərbaycandakı repressiyalarla bağlı maraqlı məqalə ilə çıxış edib. Məqalədə diqqət çəkən məqamlardan biri də neftin qiymətinin ucuzlaşmasının Azərbaycandakı siyasi-sosial duruma təsiri ilə bağlıdır. Məqalənin müəllifi ekspertlərə istinadən belə mülahizə yürüdür ki, Azərbaycan dünyada neftin qiymətinin düşməsi ilə çox ciddi təhlükə ilə üz-üzədir. “Brent” markalı neftin qiyməti bu ilin iyunundan bəri 16 faiz düşüb. Ötən həftə son dörd ildə ilk dəfə olaraq, neftin qiyməti 83 dollara düşdü.
Ötən il Azərbaycanda ixracın 84,44 faizini xam neft təşkil edib. Oktyabrın 8-də – neftin qiyməti hələ 90 faizdən yuxarı olanda Ilham Əliyev Nazirlər Kabinetini bu azalmanın əhəmiyyətini şişirtməməyə çağırdı”, deyə məqalədə vurğulanır.
Məqalədə qeyd olunur ki, əgər neftin qiyməti 80 dollardan aşağı düşsə, Azərbaycan hökuməti büdcə kəsiri ilə əlaqədar sosial güzəştlərə sərf olunan xərcləri məhdudlaşdıra bilər. Amma hərbi büdcəyə toxunulması inandırıcı deyil. 2014-cü ildə ölkənin hərbi büdcəsinin 3,7 milyarddan artıq olduğu bildirilirdi; gələn ilə isə bu rəqəmin 3,1 faiz də artması planlaşdırılırdı. Başqa sözlə, hərbi xərclər ümumi büdcənin 17,9 faizini təşkil edəcək. “Gələn ilin payızında ölkədə parlament seçkiləri keçiriləcək və bu ərəfədə büdcədə sosial ixtisarlar 2012-ci ilin martında Qubada, 2013-cü ilin yanvarında isə Ismayıllıda baş vermiş hadisələr kimi yenidən xalq etirazlarına səbəb ola bilər”, deyə məqalədə xəbərdarlıq edilir.
Vidadi Mirkamal: «Azərbaycan kimi avtoritar ölkələrdə Quba və Ismayıllı olaylarının təkrarlanma riski həmişə var»
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal hesab edir ki, həqiqətən də neftin qiymətindəki ucuzlaşma büdcəsini neft hesabına formalaşdıran Azərbaycan üçün ciddi çətinliklər yaradacaq. Müəyyən layihələr, müəyyən işlər neftdən gələn gəlirin azalması üzündən yarıda qala bilər: “Neftdən gələn gəlirin azalması həqiqətən də Azərbaycanda reallaşan proyektlərlə bağlı problem yarada bilər. Bu gözləniləndir. Amma Ismayıllı və Quba hadisələrinin təkrarlana biləcəyinə gəlincə, bunu proqnozlaşdırmaq elə də asan deyil. Amma o da bir reallıqdır ki, Azərbaycan kimi avtoritar ölkələrdə Quba və Ismayıllı olaylarının təkrarlanma riski həmişə var. Sadəcə bu riskin neftin qiymətinin aşağı düşməsi ilə əlaqələndirilməsi bir qədər çətindir”.
Məhəmməd Talıblı: «Təqaüdlərin, əməkhaqlarının azalması «Büdcə sistemi haqqında» qanuna ziddir»
Iqtisadçı Məhəmməd Talıblı hesab edir ki, büdcədə neftin qiyməti gəlirlərin müəyyənləşməsində mühüm rol oynayır. Ona görə neft gəlirlərinin azalması bir sıra layihələrin dayanması ilə müşahidə oluna bilər: “Gəlirlərimizi xərclərimiz müəyyənləşdirir. Demək, gəlirlərimiz azalanda xərclərdə də azalmalara gedilməlidir. Amma xərclərdəki korreksiyalar bəzi sahələrə aid edilməli deyil və edilməməlidir. Bu məhz sosial xərclərdəki azalmalarla bağlıdır. Sosial xərclərdəki azalmalar, o cümlədən pensiya və təqaüdlərin, əməkhaqlarının azalması ”Büdcə sistemi haqqında” qanuna ziddir. Çünki, həmin sənəddə müdafiə olunan xərclərin ixtisar olunması yasaqlanır. Müdafiə olunan xərclər dedikdə isə məhz bu elementlər nəzərdə tutulur. Ona görə hökumət məcburdur ki, başqa xərc maddəsindən bu qənaəti təmin etsin”. Hərbi xərclərin azaldılmasına gəlincə isə, M.Talıblı bildirdi ki, bu indiki halda ağlabatan deyil. “Investisiya layihələrindən bəzilərinin ”qayçılanması” prinsipcə mümkün olan məsələdir. Amma maraqlı məsələ də orasındadır ki, bu il 1 milyard manatlıq artımın 670 mln. manatı məhz investisiya xərclərinə yönəldiləcək. Bu isə Avropa Olimpiya oyunlarının keçirilməsi ilə bağlıdır. Bu xərclərə də toxunulmayacaq. Amma böyük ehtimalla investisiya xərclərindəki köhnə layihələrin davamı üçün nəzərdə tutulan xərclərin bir qismi müvəqqəti olaraq təxirə salına bilər. Yaxud büdcə kəsirinin həddini artırmaqla xarici borclamaya girə bilər. Qeyd etdiyim halların heç biri istisna olunmur”, deyə M.Talıblı vurğuladı.
Xəyal