Əyalətlər prezidentin «səxavət»inə möhtac qalacaq
Ölkə başçısı Ilham Əliyev “Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 2007-ci il 22 fevral tarixli 1992 nömrəli sərəncama dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən Bakı şəhəri istisna olmaqla, ölkənin digər şəhərlərində və rayon mərkəzlərində şəhər avtomobil yollarının müvafiq yerli icra hakimiyyəti orqanlarının balansına, şəhərlərin və rayon mərkəzlərinin məhəllədaxili yollarının, habelə kənd və qəsəbələrin ərazisində yerləşən küçələrin, keçidlərin, ictimai nəqliyyat xətlərinin, digər yolların və yol qurğularının isə müvafiq bələdiyyələrin balansına verilməsini təmin etsin.
Heç kimə sirr deyil ki, rayonlara ayrılan pul paytaxtla müqayisədə azdır. Ümumiyyətlə, əyalətlərdə bu baxımdan vəziyyət acınacaqlıdır. Mərkəzi yollar, parkların ətrafı abadlaşdırılır və bu da böyük inkişaf kimi təqdim edilir.
Son sərəncamdan sonra isə, belə görünür ki, vəziyyət daha da bərbad olacaq. Çünki, kənd və qəsəbələrin ərazisində yerləşən küçələrin, keçidlərin, ictimai nəqliyyat xətlərinin, yol qurğularının bələdiyyələrin balansına verilməsi Azərbaycan reallığında absurd görünür. Əvvəla ona görə ki, Azərbaycanda bələdiyyələrin geniş səlahiyyəti yoxdur. Digər tərəfdən, yolların təmiri üçün bələdiyyələrin maddi bazası yoxdur. 1 kilometr yolun çəkilməsi və ya təmir edilməsinin qiymətini nəzərə alsaq, görərik ki, bələdiyyələr bu yükü çəkə bilməz.
Görünür, Ziya Məmmədov da bu sərəncamdan razı qalacaq. Çünki, həmişə rayon və kənd yolları ilə bağlı problemlər aktual olub və Nəqliyyat Nazirliyi buna görə qınaq obyektinə çevrilib. Ona görə tənələrdən uzaq olmaq xatirinə bu məsələni də “yol”una qoyublar.
Bir sözlə, rayon və kənd yollarının abadlaşdırılması Ilham Əliyevin 2-3 milyonluq səxavətinə möhtac qalacaq.
Pulsuz və səlahiyyətsiz bələdiyyələrə pullu işlərin tapşırılması “inkişaf”ın zirvəsinə aparacaq. Bu da sizin üçün yeni sərəncam.
Iqtisadçı ekspertlər hesab edir ki, bu kimi məsələlərin bələdiyyələrə həvalə edilməsi, problemlərin dondurulmuş qalmasına xidmət edəcək. Prezidentin rayon və kənd yollarına ayırdığı vəsaitlər isə, şəffaflığ olmadığı üçün ünvanına çatmayacaq. Eksperlərə görə, Bələdiyyə institutu təkmilləşdirilməsə, bu struktura həqiqi özünü idarə imkanı tanınmasa, heç bir irəliləyiş müşahidə olunmayacaq.
Akif