Evi sökülən Fuad Abbasov komitə sədrinin məhkəməni də saymadığını deyir
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Azadlıq prospekti 154 ünvanda sökdürdüyü binanın sakinlərindən bəzilərinə kompensasiya verməyib. Bu barədə həmin binada yaşayan Fuad Abbasov məlumat verib.
Onun sözlərinə görə, 2010-cu ildə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşları Azadlıq prospektində yerləşən 146, 148, 150 və 154 saylı binaların sakinlərinə bildiriblər ki, bu evlər qəzalı olduğu üçün söküləcək.
Fuad Abbasov deyib ki, sakinlərə evlə təmin ediləcəyi bildirilib. “Biz məsələni araşdırmaq üçün Bakı Şəhər Icra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etdik. Lakin hər üç qurumdan bizə cavab gəldi ki, onlar da bu binaların qəzalı olması və söküləcəyi barədə məlumat yoxdur”- deyə o, əlavə edib.
Fuad Abbasovun sözlərinə görə, həmin ərəfədə o ailəsi ilə Rusiyanın Moskva şəhərinə gedib: “Mən özüm Rusiya vətəndaşıyam. Sadəcə olaraq Bakıda da evim var və orada yaşayıram. Mən Moskvada olarkən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşları binanın sakinlərinə müxtəlif ünvanlarda mənzil təklif ediblər. Bir otaqlı mənzilə iki otaqlı, iki otaqlıya üç otaqlı, dörd otaqlıya biri üç digəri 2 otaqlı olmaqla beş otaqlı mənzil təklif ediblər.
Bizimlə isə hər hansı söhbət aparılmayıb. Çünki qeyd etdiyim kimi biz Moskvada idik. Kərəm Həsənovun qardaşı, deputat Malik Həsənov göstəriş verib ki, bizim mənzilin dam örtüyünü sökərək mənzilə daxil olsunlar. Evdəki əşyaları ordan çıxarıblar. Bu zaman oğurluqla yanaşı, bəzi əşyaları da yararsız hala salıblar. Əşyaları Əziz Əliyev küçəsində bir mənzilə yığıblar”.
Lakin Fuad Abbasov deyir ki, digərlərindən fərqli olaraq ona mənzil əvəzinə pul təklif olunub. Mənzilin hər kvadrat metrinə 1500 manat verilməsi qərara alınıb. Lakin Fuad Abbasov bununla razılaşmayıb. O mənzilinin əvəzində yeni mənzil tələb edib.
“Məhkəmə çəkişməsində də qarşı tərəfi udmuşam. Lakin hələ Nərimanov Rayon Məhkəməsinin qərarı icra olunmayıb”, – deyə Fuad Abbasov bildirib.