Rasət Pirisoyu qəyyumu olduğu Məhəmməd Mehdizadəyə biganəlikdən yazdı
Yazıçı Rasət Pirisoyunun “Facebook” səhifəsi sözün həqiqi mənasında qan ağlayır. Artıq bir neçə ildir ki, o valideyn himayəsindən mərhum Məhəmməd Mehdizdəyə qəyyumuluq edir. Ədəbi mühitə az-çox bələd olan hər kəs balaca Məhəmmədin facəsindən xəbərdardır. Uzun müddət dializdə olan Məhəmmədə Rasət Pirisoyu ölkənin xeyirxah adamların səyi nəticəsində Azərbaycan səhiyyəsində özünü göstərən bürokratik əngəlləri aradan qaldırdıqdan sonra uşağa böyrək köçürdə bilib. Ancaq bu sevinc uzun sürməyib. İmmunteti aşağa salmaq hesabına orqanizmdə balanslaşdırmada yaradan dərmanlar uşağı yeni bir xəstəliklə üz-üzə qoydu. Həkimlər uzun müddət balaca Məhəmmədin səkkizinci fəqərəsində əmələ gələn şişin mahiyyətini aydınlaşdıra bilmədi, uşağı gah Ağ Ciyər İnstutuna, gah da Neyrocərrahı instutuna göndərdilər.
“Sizin uşağınız onsuz da öləcək…”
Bu gün Milli Onkoloji Mərkəzin uşaq klinikasında xəstə yatan Məhəmmədə keçən il dekabrın 30-da çağırılmış konsiliumda uşaqda ankoloji xəstəliyin olmaması barədə arayış da verilib. Ancaq sonra elə Onkoloji Mərkəzdə keçirilən əməliyyat zamanı məlum olub ki, uşaq onkoloji xəstədir. Bu azmış kimi əməliyyatdan iyirmi gün sonra uşağın aşağı ətrafı fəaliyyətini dayandırıb. Uşaq hazırda ayaqların tərpədə bilmir. Ancaq buna baxmayaraq Rasət Pirisoyun yazdığı statusda deyilir.
Son vaxtlar “Müalicə həkiminin məlumatına, müayinələrin və MRT-lərin nəticələrinə görə uşaqda yaxşılığa doğru böyük irəliləyiş var”.
Ancaq nə qədər anlaşılmaz olsa da, elə bu vaxt baş verən bir münaqişənin nəticəsi olaraq Milli Onkoloji Mərkəzdə uşağın müalicəsini dayandırmaq, xəstə uşağı hətta xəstəxanadan çıxarmaq qərarına gəlirlər.
Bu münasibətlə Rasət Pirisoyun yazıdıqları insanda acı təəssüf hissi və qəzəb hissi oyadır: “Mən bu gün (15.10.2014-cü ildə – R.D.) Milli Onkologiya Mərkəzində Allahsızlığın və qansızlığın pik səviyyəsi ilə üz-üzə gəldim. Səhər saat doqquz üçün həyat yoldaşımdan bir neçə saatlığa Məhəmməd Mehdizadənin yanında qalmasını xahiş etmişdim. Uşağın palata şəraitində stasoinar təhsilini təşkil etmək üçün saat 10-da Psixoloji-Tibbi Pedaqoji komissiyada olmalıydım. Bu komissiya adətən 3-cü və 5-ci günlər yığılır. Həyat yoldaşım yüksək təzyiq, əl ayağı ağrılar içərisində gəldi və mən xəstəxanadan çıxdım. Hər şey qaydasında idi. Narahatlığa əsas yoxdu. Komisiyyada oldum, dedilər, gedib Təhsil nazirliyindən yazdığım ərizənin və sənədlərin əslini gətirməliyəm. Gedib sənədləri gətirdim. Mən hələ avtobusda olarkən yoldaşım zəng elədi ki, palatadakı “raskladuşka”nı götürmək istəyirlər, mən inanmadım, çünki o “raskladuşka” artıq 8 aydır ki, o otaqdadır. Məhəmməd o biri xəstələr kimi – on-on beş gündən bir klinikaya gəlib gedən xəstə deyil, uşağın aşağı ətrafı işləmir, sərbəst şəkildə böyük bayıra gedə bilmir, uşağın yanında gecə-gündüz qalmaq lazımdır. Uşaq isə bəzən ağrıdan gecə səhərə qədər yatmır. Uşağın yanında qalan adam ancaq uşaq yatanda istirahət edə bilir. Uşağın yanında isə ancaq mən qalıram. Bu, həyat yoldaşımı çox narahat edir, mənim səhhətimdəki problemlər həyat yoldaşımı həmişə qorxudub, buna görə də xəstəxananın baş həkim Azad Əbdürrəhimovdan kömək istəmək məqsədi ilə onun qəbuluna gedir və aldığı cavabdan sözün əsl mənasında şoka düşür. Baş həkim deyir: “Sizin uşağınız onsuz da öləcək…” Mən bu sözləri yazıram tüklərim biz-biz olur. Mən həyat yoldaşımdan hətta uşağın ən adi ağrılarını gizlədirəm, bunun ona necə təsir etdiyini çox yaxşı bilirəm. Mən əlüstü həyat yoldaşımdan səhhətini necə olduğunu soruşdum. O isə qışıqıra-qışıqıra bircə bunu təkrar edirdi. “Məhəmməd öləcək? Məhəmməd öləcək?” Ən nəhayət mən ondan səhhəti barədə məlumat ala bildim, məlum oldu ki, ona heç bir tibbi yardım göstərilmir. Mən cəld 102-yə zəng etdim. Vəziyyəti izah etdim. Ancaq onlar mənim müraciətimi veclərinə almadılar, mənə Səhiyyə nazirliyi ilə əlaqə saxlamağı məsləhət gördülər. Mən təcili xəstəxanaya qayıtdım. Yoldaşımın ağrıdan və qorxudan sarsılmış sifəti iliyimə işlədi. Məlum oldu ki, onu heç uşağın yanında buraxmırlar. Və bu da onda belə təsəvvür yaradıb ki, uşağı nəsə olub. Mən onu yuxarı, uşağın yanına qaldırdım və dönüb geri baxanda arxamızca böyük bir dəstə gəldiyini gördüm. Biz palataya daxil olduq. Elə bu vaxt tanımadığım bir nəfər yoldaşımın üstünə qışqırmağa cəhd etdi və mən onun sifətini əlimin sərt hərəkəti ilə yoldaşımdan uzaqlaşdırdım və bundan sonra qıraqda sıraya durub, işarə gözləyən mühafizəçilər mənim üstümə atıldılar və onlardan biri mənim qabırğalarmı sındırmaq məqsədi ilə özünə tərəf çəkməyə başladı və mən huşumu itirdim. Bundan sonra nə olub, bilmirəm. Bütün bunlar xəstə uşağın gözləri qarçısında baş verirdi. İndi xəstəxanın baş həkimini tapşırığı ilə məni uşağın yanına buraxmırlar. Oktyabrın 15-də nə baş verib? Nə üçün uşaq klinikasında belə bir faciə oynanılıb. Mən bilmirəm. Amma gümanlarım var. Mən baş verən hadisə barədə Binəqədi icra hakimiyyətinə məlumat vermişəm. Mətbuatdan az da olsa məni dinləyən olub. Mən bir qəyyum kimi hər şeyi etmişəm, edirəm və edəcəyəm. Birbaşa burdan bəyan elirəm, mən Məhəmmədin müalicəsini yaxışı istiqamətdə getdiyinin şahidiym, uşağa bir şey olsa, bunun cavabını Səhiyyə nazirliyi və birbaşa Azad Əbdürrəhimov verəcək”.
“Onun çoxsaylı problemlərini həll edim, yoxsa…”
“Bu gün səhər saat 9-dan (20.10.2014-cü il – R.D) uşaq klinikasındaydım. Məni yenə içəri buraxmadılar. Qapıdan şöbənin müdiri Raminə (soyadını bilmirəm) zəng etdilər, cavab mənfi oldu. Qərara gəldim ki, MOM-un rəhbəri cənab Cəmil Əliyevə müracət edim. Cəmil Əliyev bir dəfə Məhəmmədin palatasında olub, səmimi deyirəm, onun Məhəmmədə necə ağrı içrəisində baxdığının şahidi olmuşam. Cəmil müəllim məni də dinləyib. Xahiş etmişəm, mən yaşlı adamam, bəzən uşağı təmizləməyə gücüm çatmır, mümkünsə, deyin, xadimələr mənə kömək etsinlər. Bundan sonra uşağa xadimələrin münasibəti kökündən dəyişib. Ən eybəcəri budur ki, bu günə qədər anasını (Azad Əbdürrəhimovun sözləri ilə desək, “priyomnaya matını”) Məhəmmədin yanına buraxırdılar. Bu gün yenə də mənim həyat yoldaşıma Məhəmmədin yanında qalmağı qadağan ediblər. Yazıq qadın indi evdə pis gündədir. Mən indi bilmirəm, bu statusu yazım, yoxsa onun çoxsaylı problemlərini həll edim”.
“Uşağı baxımsız qoymaq vəhşilikdir”
“Bütün günü Məhəmmədlə əlaqə saxlamışam. Məhəmmədin telefonunu Binəqədi icra hakimiyyətini nümayəndələrinə vermişəm, hər dəfə soruşumuşam, Mimi, sənin yanında kimsə varmı, deyib yox. Soruşmuşam ağrıyırsanmı, “hə” deyib, qəhərlənib. Məlum olub ki, acdır, susuzdur.
Axşamüstü uşaq klinikasının daxili telefonu ilə Məhəmmədin tibb bacısı ilə əlaqə saxladım, dedim, Ramidə, Məhəmməd təkdir, ağrıyır. Dedi, dayı, mən neyləyim, mənim əlimdə o qədər işim var ki, güclə çatdırıram. Amma günorta mən Cəmil Əliyevin müavini (hər halda prezident aparatında mənə belə dedilər) Təranə xanıma (təəssüf ki, soyadını bilmirəm) bunları deyəndə, Təranə xanım dedi ki, mənə deyiblər ki, uşağa yaxşı baxırlar.
Bir daha təkrar edirəm, Məhəmmədin aşağı ətrafı işləmir. Uşaq sərbəst şəkildə, hətta boynunu, boğazını qaşıya bilmir, belə uşağı baxımsız qoymaq vəhşilikdir. Bunun başqa adı yoxdur”, – yazıçı başqa bir statusunda qeyd edir.
“Mən bu cinayətdə iştirak etməyəcəyəm”
Bu hadisələrin niyə baş verdiyini yazıçının statusları içərisində axtarmaq qərarına gəldik. Rasət Pirisoyu yazır ki, Məhəmmədin ətrafında qurulan oyunların bircə məqsədi var: “Məhəmmədi xəstəxanadan bayıra atmaq. Mən bu mövzu ilə əlaqədar heç kəslə danışığa getməyəcəyəm. Məhəmmədin xəstəxanadan çıxarılması ona indikindən yüz qat artıq zülm etmək olardı. Bir daha təkrar edirəm, Məhəmməd dövlətin uşağıdır. Mən də Məhəmmədin qulluğunda dayanmaqla dövlətin insanpərvər simasını müdafiə etmək istəyirəm. Əgər dövlət MOM-un timsalında Məhəmmədin atası kimi öz övladından imtina etmək istəyirsə, onda özü bilər, Allahı bilər. Mən bu cinayətdə iştirak etməyəcəyəm”.
***
Yazını Rasət Pirisoyunun yazdığı bir statusla bitirmək yerinə düşər: “Oxuyun, kef edin, görün necə bir məmləkətdə yaşayırsınız!!!”
P.S. Yazıda adı çəkilən qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.