Rahim Hacıyev: «Bu səfər zamanı Azərbaycanın Avropa Birliyi ilə münasibətlərin geniş spektri müzakirə predmeti olacaq»
Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber oktyabrın 20-də Azərbaycana səfər edəcək. Bu barədə APA-ya AB-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib. Səfər çərçivəsində H.Salber ölkə rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək. Tərəflər münasibətlərin inkişafı və Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərini müzakirə edəcəklər. Xatırladaq ki, xüsusi nümayəndə hazırda Irəvandadır.
Qeyd edək ki, tanınmış hüquq müdafiəçilərinə, azad fikirli insanlara qarşı repressiyaların baş verdiyi şəraitdə Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümaynədəsinin Azərbaycan hökumətiylə hansı danışıqları aparacağı cəmiyyətin diqqətində olan məsələdir.
Politoloq Rahim Hacıyev söyləyir ki, Azərbaycan-Avropa Birliyi münasibətlərində son dövrlər gərginlik müşahidə olunur. R.Hacıyevin fikrincə, bu, bir neçə amillə bağlıdır. Yəni son dövrlər Azərbaycan hakimiyyətinin apardığı repressiya siyasəti Avropa Birliyini narahat etdiyindən Avropa Parlamenti məhz bu repressiyalarla bağlı qətnamə qəbul edib: “Azərbaycanda hakimiyyətin repressiya siyasəti aparması həmin qətnamədə çox açıq şəkildə əksini tapdı. Hətta siyasi məhbusların bir qrupunun qeyd-şərtsiz azad olunması tələb edildi. Bu da Azərbaycan hakimiyyətinin sərt reaksiyasıyla üzləşdi və hakimiyyət göstərdi ki, bu siyasəti davam etdirmək niyyətindədir”.
Politoloq söyləyir ki, Azərbaycan Avropa ilə “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində əməkdaşlıq edir və bu əməkdaşlıq son dövrlər hədsiz dərəcədə zəifləyib. Avropa Birliyi uzun müddət ərzində Azərbaycanla Assosiasiya müqaviləsi bağlamaq istəyib. Məlum olduğu kimi, belə müqavilələr artıq Ukrayna, Moldova və Gürcüstanla imzalanıb:
“Lakin Azərbaycan hakimiyyəti Avropa Birliyinin göstərdiyi səylərə baxmayaraq bu vaxtadək Assosiasiya müqaviləsini imzalamaqdan imtina edir. Bunun da səbəbi Assosiasiya müqaviləsinin tələbləridir. Həmin müqavilənin başlıca tələbləri ölkədə siyasi, iqtisadi sahədə islahatların aparılması, demokratik idarəçilik sisteminin qurulmasıdır”. Buna Azərbaycan hakimiyyətinin razı olmayacağı sözsüzdür. Politoloq bildirir ki, Avropa Birliyi Azərbaycanın çox böyük iqtisadi tərəfdaşıdır və o, ölkəmiz üçün böyük önəm kəsb edir. Azərbaycan hakimiyyəti də onunla əməkdaşlıq etməyə bilməz. R.Hacıyev şübhə etmir ki, AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin səfəri zamanı bu əlaqələr və münasibətlərin geniş spektri müzakirə predmeti olacaq. Nəticədə söyləmək olar ki, Avropa Birliyinin Azərbaycanla bağlı siyasətində son dövrlər ciddi meyllər var və hakimiyyətlə ciddi müzakirələr aparılacaq.
Nigar