Vahid Məhərrəmov: «Anbarların 80 faizi boşdursa, bol məhsuldan danışmaq olmaz»
Azərbaycanda kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına tədarükünün artması ilə əlaqədar həmin məhsulların çatışmazlığı müşahidə olunmur. “Trend”in məlumatına görə, bunu jurnalistlərə kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.
Onun sözlərinə görə, əksinə, ölkədə kənd təsərrüfatı məhsullarının bolluğu müşahidə olunur: “Kənd Təsərrüfatı Nazirliyi ölkənin regionlarında əlavə yarmarkaların yaradılması üçün şirkətlərlə danışıqlar aparır, çünki istehsal edilən məhsulları mövcud yarmarkalarda yerləşdirə bilmir”.
H.Əsədov əlavə edib ki, Azərbaycan və Rusiya birgə müəssisələrin yaradılması, logistik mərkəzlərin tikilməsi üzrə intensiv danışıqlar aparır, həmçinin ölkədə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi məqsədi ilə icarə məsələsi müzakirə olunur: “Lakin hələ bu məsələlər üzrə yekun qərar qəbul olunmayıb”.
Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiymətinin artmasına gəlincə, nazir deyib ki, bu, əsasən mövsümi xarakter daşıyır: “Hazırda pomidor, lobya və kələmin qiymətlərində artım var”.
Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının istehsalı zamanı istifadə olunan istehsalat vasitələri və gübrələrin qiymətləri hər il artır və onlar arasında qiymət bərabərsizliyinin olmaması üçün qiymət artımı qaçılmazdır: “Indiki halda kənd təsərrüfatı məhsulları istehsalçılarının maraqlarını və qiymət artımına təsir edən dünya iqtisadiyyatındakı tendensiyaları da nəzərə almaq lazımdır. Buna görə də daxili bazarda mövcud qiymət artımını məqbul hesab edirəm”.
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov qeyd edir ki, Heydər Əsədov iqtisadçı olsa da, kənd təsərrüfatı mütəxəssisi deyil. Ekspert söyləyir ki, H.Əsədovun dediyi kimi ölkədə məhsul bolluğu varsa, bu özünü mütləq qiymətdə göstərməlidir: “Məhsulu saxlamaq üçün istehsal etmirlər. Telekanallar da soyuducu anbarların bu il 80 faiz boş olması barədə süjetlər göstərir. Bu da ondan irəli gəlir ki, saxlamaq üçün məhsul yoxdur. H.Əsədov reallığı dərk edə biləcək qədər professional deyil”. Ekspert söyləyir ki, bazar istehsalın güzgüsüdür. Orada təklif çoxaldıqca qiymət düşməli və yaxud, əksinə baş verməlidir. Bizdə isə tamam fərqli şərait mövcuddur. Yəni qiymət yüksələn xətt üzrə gedir. Bu da ölkədə məhsul qıtlığının göstəricisidir:
“Azərbaycanda indi daha çox xaricdən gətirilən məhsullar satılır. Kəndli istehsal etdiyi məhsulu nə vaxta kimi saxlayacaq?! Bugünkü kimi münbit şərait nə vaxt olacaq? Biz yarmarkalarda, bazarlarda oluruq və vəziyyəti yaxşı bilirik. Statistika Komitəsi öz açıqlamasında bu il məhsulun əvvəlki ildən 9,2 faiz az olduğunu bildirdi. Bu da həmişə balansı saxlamağa çalışan bir qurumun açıqladığı rəqəmdir. Yəni rəqəmləri daim yüksək göstərən Statistika Komitəsi belə yerlərdə vəziyyətin necə olduğunu, istehsalın azlığını rəqəmlərlə ifadə edir”.
Nigar