Nemət Əliyev: «Burada kəmiyyətdən deyil, sahibkarlara yaradılan maneələrdən danışılmalıdır»
2014-cü ilin əvvəlinə olan məlumata əsasən, Azərbaycanda 259,412 min kiçik sahibkarlıq subyekti var. Dövlət Statistika Komitəsinin məlumatına görə, onların 244,95 mini fərdi sahibkarlardır. Kiçik sahibkarlıq subyektləri daha çox ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsi ilə məşğuldur. Bu sahə üzrə 182,732 min kiçik sahibkar fəaliyyət göstərir. Nəqliyyat və anbar təsərrüfatı üzrə daha 27,862 min kiçik sahibkarlıq subyekti var.
Kiçik sahibkarlıq subyektlərinə daha çox təsadüf edilən sahələrdən biri də turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorudur. Bu sahə üzrə 9406 kiçik sahibkarlıq subyekti fəaliyyət göstərir.
Iqtisadiyyatın əsas sahələrindən olan sənaye sektorunda 4022, kənd təsərrüfatı üzrə 3997, tikintidə 1936, informasiya və rabitədə 354 kiçik sahibkar var.ÿ
Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq 2009-cu ildən işçilərinin sayı 50 nəfərdən və illik dövriyyəsi 500 min manatdan az olan sənaye müəssisələri kiçik sahibkarlıq subyektləri hesab olunurlar.ÿ
Kiçik sahibkarların 14462-i hüquqi şəxs qismində fəaliyyət göstərən müəssisələrdir. Bu müəssisələrdə 108 976 nəfər işləyir. Işçilərin orta əmək haqqı 303,5 manat, istehsal edilən məhsulun ümumi həcmi isə 3,139 milyard manatdır.
Iqtisadçı-ekspert Nemət Əliyev söyləyir ki, Statistika Komitəsi uçotunu apardığı və hesabladığı rəqəmləri ifadə edir. Ekspert qeyd edir ki, Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar hüquqi və fiziki şəxs kimi qeydiyyatdan keçir. Rəqəmlərin ilk baxışdan belə az görünməsi fiziki şəxs statusuyla fəaliyyət göstərib qeydiyyatdan keçməməklə bağlıdır: “Sahibkarlıq fəaliyyətiylə məşğul olanların sayından çox, bu fəaliyyətlə məşğul olaraq gəlirlərin, mənfəətin gizlədilməsi daha önəmlidir. Yaxud sahibkarların problemləri, vergi, gömrük orqanları tərəfindən onlara edilən maneələr daha çox diqqəti cəlb etməlidir. Ən böyük problem budur. Sahibkarların sayının az və ya çox olması önəmli deyil, əsas olan onların fəaliyyətinə yaradılan problemlərdir”.
Nigar