Eyyub Hüseynov: «Səhiyyə Nazirliyi bu sahədə böyük maarifləndirmə işi aparmalıdır»
Səhiyyə Nazirliyi tərəfindən 340-dan çox dərman preparatının satışına qadağa qoyulub. ANS PRESS-in məlumatına görə, buna səbəb həmin dərmanların Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində laborator müayinədən keçməməsidir.
Bunlar əsasən Türkiyə, Rusiya, Ukrayna, Macarıstan, Polşa, Rumıniya, Avstriya və Yunanıstan istehsalı olan preparatlardır. Nazirliyin qadağan etdiyi dərman seriyaları arasında Türkiyə istehsalı dərmanlar üstünlük təşkil edir.ÿ
Nazirliyin siyahısında müxtəlif dərmanların 341 sayda seriya nömrəsi qeyd edilib. Bu dərmanların çoxunun istifadə müddəti 2015-2018-ci illərdə başa çatır.
Bu da bir faktdır ki, rəsmi qurumlar bəzi dərmanları qadağan etsə də onların satışı həyata keçirilir. Görəsən, satışı qadağan olunmuş dərmanların realizə olunmasına hansısa nəzarət varmı?
Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edir ki, apteklər şəbəkəsinə nəzarət yoxdur. Qurum sədri qadağan olunmuş dərmanların siyahısının hazırlanmasını və apteklərin qapısından asılmasını təklif edir:
“Bölgələrdə hansısa bir feldşer hansı dərmanın qadağan olunmasından xəbərsiz ola bilər. Səhiyyə Nazirliyi maarifləndirmə işi aparmalıdır. Dərman yeganə maldır ki, istehlakçı öz könlüylə deyil, göstərişlə onu alır. Ona görə də nəinki alıcılar, onu göstərən şəxs maarifləndirilməlidir”.
Nigar