Qurum Azərbaycanda fəaliyyətini dayandırmaq qərarı verib
Hakimiyyət növbəti dəfə özünü arqumentsiz qoyur
Işgəncələrin qarşısının alınması üzrə Birləşmiş Millətlər Təşkilatının Alt Komitəsi (IQAT) Azərbaycanda qarşılaşdığı maneələr üzündən səfərini dayandıraraq, ölkəni tərk etmək qərarına gəlib. Qeyd edək ki, Alt Komitə Azərbaycanın da tərəf olduğu BMT-nin Işgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyasının fakültativ protokolu (OPCAT) əsasında burada öz mandatını həyata keçirərkən maneələrlə qarşılaşıb.
Məlumata görə, Azərbaycanın rəsmi qurumları cəzaçəkmə yerlərinə məhdudiyyətsiz girişlə əlaqədar vəd versələr də, nümayəndə heyətinin həmin müəssisələrin bir neçəsinə, ümumiyyətlə, daxil olmasına imkan verilməyib. Daxil ola bildikləri cəzaçəkmə müəssisələrində də öz vəzifələrini tam yerinə yetirmələrinin qarşısı alınıb.
“Fakültativ protokol üzrə Azərbaycanın götürdüyü öhdəliklərin ciddi pozulması nəticəsində və nümayəndə heyəti 8-17 sentyabr tarixləri arasında planlaşdırılan səfərinin bütövlüyünün bu dərəcədə çətinliklərlə üzləşməsi səbəbindən missiyanı vaxtından əvvəl dayandırılması qənaətinə gəlib”, – deyə məlumatda bildirilir.
Nümayəndə heyəti sentyabrın 14-də fəaliyyətini dayandırıb, lakin bəzi üzvlər Bakıda qalaraq topladığı məlumatlar əsasında Azərbaycan rəsmilərilə müvafiq danışıqları davam etdiriblər. Sentyabrın 16-da nümayəndə heyətinin rəhbəri Aişa Şucun Muhammad xarici işlər nazirinin müavini ilə görüşüb.
Göründüyü kimi, Azərbaycan hakimiyyəti bütün vasitələrlə öz avtoritar mahiyyətini ortaya qoymaqdadır. Vəziyyət o həddə çatıb ki, BMT-nin Ali Komitəsinə öz mandatı üzrə fəaliyyət göstərmək qadağan edilib. Hansı ki, bununla bağlı Konvensiya var və Azərbaycan hakimiyyəti üzərinə öhdəliklər götürüb. Təbii ki, baş verənlərlə bağlı hesabat hazırlanacaq və Azərbaycan hakimiyyəti növbəti dəfə tənqidlərlə üzləşəcək. Təbii ki, hakimiyyət bu addımını əsaslandırmaqda acizdir. Yəqin ki, ənənəyə sadiq qalaraq həmin təşkilat ermənipərəstlikdə, Azərbaycandakı inkişafa paxıllıq etməkdə ittiham ediləcək. Baş verənlər həm də onun deməyə əsas verir ki, cəzaçəkmə yerlərindəki vəziyyət standartlara cavab vermir və hər hansı yoxlamanın nəticəsi hökumət üçün arzuolunmazdır. Əks halda bu heyətin öz işini həyata keçirməsinə bütün imkanlar yaradılardı.
Başqa vaxt hakimiyyət təmsilçiləri iddia edirlər ki, hesabatlar qərəzlidir, reallığı əks etdirmir və s. Indi isə, nümayəndə heyəti özü təşrif buyurub və real vəziyyəti şəxsən gözdən keçirmək istəyir. Belə olanda da ölkə daxilində süni əngəllər yaradılır və missiya öz işini həyata keçirə bilməyib, səfəri təxirə salır.
Bəzi ekspertlər hesab edir ki, bu missiyanın fəaliyyətinə maneə yaradılması, həm də siyasiv məhbus məsələsi ilə bağlıdır. Belə ki, həmin missiya siyasi məhbusların cəza çəkdiyi müəssisələrdə olmaq və adamlarla şəxsən ünsiyyətdə olmaq istəyib. Hökumət isə, məsələni kökündən “həll” edərək, öz münasibətini göstərib.
BMT-nin missiyası da haqlı olaraq Azərbaycan hakimiyyətini ittiham edir və belə bir münasibət düzgün qənaətə gəlmək üçün əsas hesab edilə bilər.
Akif