Fizika Institutunun əməkdaşı Elman Şahverdiyevin dövlət başçısı Ilham Əliyevə açıq məktubu
«PA-nın təyinat siyahısı elmin inkişafına yox, əksinə, onun tənəzzülünə xidmət edir»
başlanğıcı ötən saylarımızda
Müxbir üzv təyin edilmış Övsət Abdinovun işlərinə Thomson Reuters-də 200-ə yaxın sitat olub. Bura onun 3 minlik müəlliflər kollektivi tərkibində CERN-dəki Kollaborasiya işlərinə sitatlar daxil edilməyib. Çünki elmə Hirş ineksini daxil edən alimin təklifinə əsasən belə hallarda sitatların sayı müəlliflərin sayına bölünməlidir (bax: C.E. Hirsch, An index to quantify an individual?s scientific research output, Proceedings of the National Academy of Sciences of the United States, v.102, N46, pp.16569-16572,2005).
Maliyyə axınına “etibarlı” nəzarət
Bundan əlavə, Azərbaycan bir tərəfdaş ölkə kimi CERN-dəki Proyektlərdə iştirak üçün hər il böyük vəsait ayırır və orada Övsət Abdinovdan başqa daha bir neçə azərbaycanlı alim iştirak edir. Bu konteksdə çox maraqlı daha bir məlumat: Seçkidən qabaq Övsət Abdinov Dubnadakı Nüvə Mərkəzindəki Səlahiyyətli Nümayəndə postunu “uğurla” nüvə fizikasında mütəxəssis olmayan Nazim Məmmədova təhvil verib. Halbuki həmişə həmin nümayəndə nüvə fiziki olub. Bildirmək istəyirəm ki, Azərbaycan tərəfi hər il Dubnaya bir neçə yüz minə yaxın vəsait ayırır ki, Azərbaycanın elmi işçiləri ordada təcrübə keçə bilsinlər. Nazim Məmmədovun ixtisası olmaya-olmaya bu vəzifədə Övsət Abdinovu əvəz etməsi istənilən maliyyə axınına nəzarəti “daha inanılmış” adamlara həvalə etmək cəhdi kimi qiymətləndirilə bilər.
Yuxarıda qeyd olunduğu kimi, çox qəribədir ki, təyin olunmuşların əksəriyyəti son illər EIF-dən, Elm Fondundan (ARDNŞ) və AMEA-nın Rəyasət heyətindən külli miqdarda qrant alanlardır. Haqqında söhbət gedən Övsət Abdinov CERN-dəki çoxminlik müəlliflər kollektivinin bir üzvü kimi fəaliyyətindən əvvəl öz nəticələrinə görə orta statik namizəddən heç nə ilə fərqlənməmişdir, əksinə, çoxlarından geri qalırdı. CERN-dəki Proyektdən sonra bir dəfə EIF, iki dəfə isə AMEA Rəyasət Heyəti onun rəhbərlik etdiyi layihələrə yüz minlərlə qrantlar ayırıb. Görəsən GRID seqmenti adlandırılan sistemdən indiyə qədər bir kimsə real şəkildə yararlanıbmı? Orda hesablamalar üçün qoyulmuş geniş yayılmış proqram təminatının yerləşdirilməsini xüsüsi uğur kimi qələmə vermək sadəcə anlaşılmazdıqdır, oyun oynamaqdır. Axı istənilən xarici universitetdə istənilən tələbə, elmi işçi öz şifrələri vasitəsilə öz kompüterindən Universitetdəki istənilən proqramdan yararlanmaq imkanındadır. Bizdə isə heç bir kompüter bu cür serverlərə birləşdirilməyib. Hətta vahid antivirus pqoqramları belə ümümi serverdən yayımlanmır. Yəni bu hər kəsin öz problemidır. Xaricdəki kompüter sistemlərindən istifadəyə gəlincə, kimin xarici universiterlərə çıxışı var, bunu edə bilir, kimin yoxdursa, onsuz da onu GRID sistemi ilə həyata keçirmək effektli deyil. Bir insanın əməyini qiymətlərində onun keçmişdəki və indiki uğurları, potensialı nəzərə alınmalıdır. Görəsən yaşı 70-i keçmiş Övsət Abdinov əvvəllər neçə beynəlxalq qrant alıb? Işdir, birdən Kollaborasiya proyekti olmasaydı, onun sitatları hansı səviyyədə olardı (və ya yuxarıda qeyd olunduğu kimi Kollaborasiya proyektindən əvvəl hansı səviyyədə idi!). Bir insanın ona bir individum kimi qətiyyən aidiyyəti olmayan nəticələri özünə çıxması nə dərəcədə etik çərçivələrə sığır?! Bunun əsasında onu müxbir üzv təyin etmək nə dərəcədə ədalətli, obyektiv və insaflıdır! Axı nədən Fizika Institutunun və AMEA-nın rəhbərliyi Azərbaycan elminə aid olmayan nəticələri özününküləşdirmək istəyir. Səbəb aydındır, guya bununla hesabat verirlər ki, AMEA-da yaxşı nəricələr alınır, bu adama, bu işlərə qrantlar ayırmaq lazımdır! Axı bu gülüş doğurur, o gülüşü ki, bu yaxınlarda özünün dediyi kimi, Azərbaycana heç bir aidiyyəti olmayan, 40 yaşına qədər alimlərə verilən Filds mükafatını alan bir qadın alimi özününküləşdirmək cəhdi əmələ gətirmişdi!!! Olmazmı ki, öz alimlərimizə layiq olduqları qiyməti verməklə, onlara şərait yaratmaqla onlardan nə isə gözləyək, nəyə isə ümid edək, özümüzü gülünc vəziyyətə qoymayaq!!!
Elmdə ata-bala “həmrəyliyi”
Cənab Prezident!
Həqiqi üzvlərə gəlincə isə, həqiqi uzv təyin edilmış Bahadur Tağıyevin işlərinə SCOPUS da cəmi 132 sitat (Hirş indeksi-6), Təyyar Cəfərovun işlərinə 165 sitat(Hirş indeksi-7) var; Cavad Abdinovun işlərinə isə sitatlar çox aşağı iki rəqəmli ədədlə ifadə olunur, Hirş indeksindən isə danışmağa belə dəyməz.
Yenə müqayisə üçün xarırladım ki, mənim işlərimə SCOPUS-da 549 sitat var, Hirş indeksim isə 12-dir. Bildirmək istəyirəm ki, göstəricilərim bütün AMEA üzvləri arasında bütün elm sahələri üzrə ən yüksəkdir və istər Azərbaycanda, istərsə də xaricdə çalışan bütün həmvətənlərimiz arasında belə ən yaxşılarındandır.
Konservativ verilənlər bazasında yox dərəcəsində istinadları olan Cavad Abdinov hansı geniş tədqiqatlarına, hansı elmə gətirdiyi yeni biliklərə, hansı tanınmış elmi məktəblərinə görə belə ən yüksək elmi rütbəyə layiq görülüb? O necə yeni biliklərdir ki, tanınmış data bazalarında Azərbaycan elminə, demək olar, sitatlar gətirə bilmir. Bir məqamı da qeyd etmək yerinə düşər ki, Cavad Abdinov onilliklərdir ki, elmi işlər üzrə direktor müavini işləyir. Yaşının 75-i haqlamasına baxmayaraq o, həm də Fizika Institutunda laboratoriya rəhbəri, şöbə müdiri vəzifələrini tutur, müxtəlif yerlərdə dərs deyir, Elmi Şurada oturur, müdafiə və ekspert şuralarında var, və sair. Yenə sual olunur: görəsən hansı elmi nailiyyətlərinə görə ona bu qədər üstünlüklər verilir?
Bu sualı həm də digər təyin edilmış akademik Bahadur Tağıyev (81 yaş) haqqında səsləndirmək olar. Fizika Institutundakı işindən başqa Bahadur Tağıyev (əvvəllər o, onilliklər Institutnun Həmkarlar ittifaqına rəhbərlik etmiş, sonralar isə xeyli müddət direktor müavini və hətta bir müddət direktor işləmişdir) həm də Aviasiya akademiyasında Instituta rəhbərlik edir, kafedra müdiridir, dəfələrlə Elmin Inkişaf Fondundan oğlu Oqtay Tağıyevlə birgə külli miqdarda qrantlara layiq görülüb. Amma nədənsə aldıqları nəticələri, sovet dövründə olduğu kimi, əsasən çox aşağı təsir əmsalı olan Rusiya jurnallarında dərc etdirə biliblər. Qeyd edim ki, Oqtay Tağıyev Fizika Institutunda laboratoriya rəhbəridir və o, həm də Lomonosov adına Universitetin Bakı filialında prorektor kimi işləyir. Ata-bala hər ikisi ömür boyu eyni mövzu üzrə işləyib, eyni işlə məşğul olublar və Institutun administrativ resurslarından gen-bol faydalanıblar. Yenə də sual olunur ki, ömür boyu trivial, primitiv nəticələrlə, Azərbaycan elminə adekvat sitat gətirməyən məqalələrlə baş girləmiş bu elmi işçilər hansı nailiyyətlərinə görə akademik təyin ediliblər? Axı, bir nəfər eyni vaxtda neçə işin öhdəsindən gələr?! Əslində, heç bir işin öhdəsindən gəlinmir, sadəcə kimlərsə dövlət büdcəsini öz şəxsi cibi bilib istədikləri adamlarına aylıq hədiyyə verir!
Iyulun 1-dən sizə hər gün yazıram…
Özüm haqda demək istəyirəm ki, həmişə bir işdə işləmişəm, heç vaxt iki və ya daha çox yerdə işləməmişəm. Bu, mənə bütün diqqətimi öz işimə yönəltməyə xeyli kömək edib!
Belə görünür ki, PA-nın təyinat siyahısı elmin inkişafına yox, əksinə, onun tənəzzülünə yönəlmış düşünülmüş addımdır, çünki, bu təyinatlar elmdə ən yüksək rütbələrin layiq olmayanlara verilən hədiyyədir, AMEA-da çalışan onlarla istedadlı alimlərə mesajdır ki, biz elmi nailiyyətləri sivil dünyada qəbul olunan qaydalara görə yox, öz şəxsi istəyimizə görə, bizə sərf edən formada qiymətləndiririk. Belə özbaşınalıq tarixdən bir Roma imperatorunun öz atını senata üzv təyin etməsi əhvalatını xatırlatmırmı?
Cənab Prezident!
Geniş yayılmış məlumatlara görə, təyin edilmiş həqiqi və müxbir üzvlər arasında ən azı beş nəfərin ikili vətandaşlığı var. Bu, Akademiya Nizamnaməsinə və ən əsası, Azərbaycan Konstitusiyasına ziddir.
Xahiş edirəm ki, bu məsələnin araşdırılmasına dair müvafiq qurumlara gostərişlərinizi verəsiniz.
Cənab Prezident!
Bu cür ədalətsiz təyinat həyata keçirənlər Sizi fakt qarşısında qoyaraq inanırlar ki, Siz onların qərarını qəbul edib bu qeyri-obyektivliyə göz yumacaqsıniz. Amma mən buna inanmaq istəməzdim!!! Çünki ortada bilərəkdən AMEA Nimamnaməsinə və Azərbaycan Respublikasının Əsas Qanununa biganəlik var!
Ona görə də Sizdən xahiş edirəm ki, yaranmış vəziyyətdə seçkilərin AMEA Nizamnaməsinə uyğun keçirilmədiyini nəzərə alaraq nəticələrin ləğv edilməsi və yeni seçkilərin keçirilməsi üçün müvafiq qurumlara göstərişlərinizi verəsiniz. Cənab Prezident, mən bu xahişlə həm də HƏR GÜN (01 iyuldan) Sizlərə saytınız vasitəsilə də müraciət edirəm. Görünür, hansısa səbəblərdən müraciətlərim Sizə yetişmir. Yetişsəydi, mən inanıram ki, Siz artıq Azərbaycan elmi üçün məhvedici-biabırçı olan bu ədalətsizliyə, qeyri-obyektivliyə biganə qalmazdınız!!! Dünyanın heç yerində görünməyib ki, 28 il məqalə yazmayan şəxs daha yüksək elmi rütbəyə layiq görülsün!!! Axı ikili vətəndaşlığı olan AMEA-ya nəinki üzv ola bilməz, heç seçkidə belə iştirak edə bilməz!!! Axı elmə scholar.google.com da belə cüzi də olsa sitalar gətirməyən şəxslər yüksək elmi rütbəyə layiq görülə bilməz!!! Axı ola bilməz ki, yeddi müxbir üzv təyin edilir, amma elmi işlərinə sitatlarının sayı o yeddi nəfərin cəmi sitatlarının sayından çox olan şəxs AMEA-dan kənarda saxlanılır!!!
Axı ola bilməz ki, üç nəfər akademik təyin olunur, amma elmi işlərinə sitatların sayı o üç nəfərin cəmi sitatlarının sayından az qala iki dəfə çox olan şəxs AMEA-dan kənarda saxlanılır!!!