Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətinin yadığı məlumata görə, Divan üzvləri AXCP İdarə Heyətinin üzvü Seymur Həzinin qanunsuz olaraq həbs olunmasını pisləyib və bu haqda Müsavat Partiyasının bəyanatını dəstəklədiyini bildiriblər.
Azərbaycan Ziyalılar Birliyinin sədri, kinorejissor Eldəniz Quliyevin ironiya ilə yazdığı statusa görə məhkəməyə cəlb edilməsi pislənib.
Partiyanın Divan üzvü, tanınmış iqtisadçı və QHT rəhbəri, bir sıra beynəlxalq təşkilatların idarə heyətinin üzvü Qubad İbadoğlunun istintaqa cəlb olunması, onun şəxsi və rəhbəri olduğu QHT-nin hesablarının dondurulması ölkədə vətəndaş cəmiyyəti fəallarının susdurulmasına, ölkəyə daxil olan qrantların yalnız hakimiyyətyönümlü QHT-lərə verilməsinə və hakimiyyətin nəzarətində olmasına hesablanan addım olduğu qənaətinə gəlinib.
Yığıncaqda vicdan məhbuslarının istintaqının ləngidilməsi onlara qarşı mənəvi təzyiqlərin artırılması kimi qiymətləndirilib və onların həbsinin əsassız olduğunun bir daha təsdiqləndiyi qeyd edilib.
Xatırladaq ki, Müsavat partiyası Seymur Həzinin həbsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilirdi:
Son aylarda Azərbaycan hakimiyyəti demokratiya imitasiyasından imtina edərək, bütövlükdə demokratik qüvvələrə qarşı total repressiyalara start verib.
Avqustun 29-da “Azadlıq” qəzetinin şərhçisi və siyasət şöbəsinin müdiri, “Azərbaycan saatı” proqramının aparıcısı, AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzi saxlanılaraq, Abşeron rayon Polis İdarəsinə aparılıb.
Məlumata görə, şərlənərək polis idarəsinə aparılan Seymur Həziyə qarşı Cinayət Məcəlləsinin 221.3 (silah və silah kimi istifadə olunan əşya tətbiq etməklə xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. Dəfələrlə müxtəlif təzyiqlərə məruz qalan S.Həzinin şikayətlərini tədqiqat aparmadan kənara qoyan hüquq-mühafizə orqanlarının təsadüfi görünən bir hadisə nəticəsində onu dərhal həbs etməsi bu hadisənin öncədən planlaşdırılması anlamına gəlir.
Bu gün Abşeron rayon məhkəməsində Seymur Həzi barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Müsavat Partiyası Seymur Həzinin həbsinin ifadə azadlığına qarşı Azərbaycan hakimiyyətinin dözümsüzlüyünün nümunəsi və ölkədə başlanan geniş miqyaslı repressiyaların davamı olduğunu bəyan edərək qəti şəkildə pisləyir, hakimiyyətdən fərqli düşünənlərə qarşı siyasi repressiya tədbirlərinə son qoyulmasını, Azərbaycan xalqı və beynəlxalq birlik qarşısında götürdüyü öhdəliklərə əməl olunmasını, Seymur Həzi və digər siyasi məhbusların həbsdən azad olunmasını tələb edir.