Ümid Partiyası Seymur Həzinin həbsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
Azərbaycan hakimiyyəti ictimai-siyasi fəallara qarşı repressiyaları davam etdirir. Avqustun 29-da yaşadığı Ceyranbatan qəsəbəsində təxribatla üzləşən və daha sonra guya tanımadığı adamı döyməkdə şübhəli bilinərək saxlanılan “Azadlıq” qəzetinin şərhçisi və siyasət şöbəsinin müdiri, “Azərbaycan saatı” proqramının aparıcısı, AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzi avqustun 30-da təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılıb. Abşeron rayon məhkəməsində ona qarşı Cinayət Məcəlləsinin 221.3 (silah və silah kimi istifadə olunan əşya tətbiq etməklə xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülərək, barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Seymur Həzi siyasi və jurnalist fəaliyyətinə görə dəfələrlə müxtəlif psixoloji, mənəvi və fiziki təzyiqlərə məruz qalıb. Baş verənlərlə bağlı hüquq mühafizə orqanlarına şikayət etsə də onun şikayəti tədqiqat aparılmadan kənara qoyulub. Təsadüfi görünən bir hadisə nəticəsində onun dərhal həbs edilməsi və barəsində 2 aylıq həbs qətimkan tədbirinin seçilməsi hadisənin öncədən planlaşdırılmasına şübhə yaradır.
Ümid Partiyası Seymur Həzinin həbsini ictimai-siyasi aktivlərə qarşı repressiyaların davamı olduğunu bəyan edir və onun həbsini qəti şəkildə pisləyir, hakimiyyəti insan hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməyə, siyasi sifarişli təqib və həbsləri dərhal dayandırmağa, məhkəmələrdəki siyasi mühakimələrə son qoymağa, Seymur Həzi və digərlərinin barəsində seçilmiş həbs qəti-imkan tədbirinin dəyişdirilməsinə, istintaqın ədalətli və şəffaf aparılmasına çağırır.