“Mənzil bazarında, bütövlükdə daşınmaz əmlak bazarında bahalaşma davam etməkdədir”. Bunu “Media forum” saytına “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı deyib.
Ramil Osmanlı bildirib ki, son vaxtlar paytaxtda söküntü işləri genişlənib, bu da istər informasiya baxımından, istərsə də ümumi konyunkturanın dəyişməsi baxımından bazara ciddi təsir göstərib: “İlin birinci rübündə bahalaşma 12.7 faiz, ikinci rübdə 5.3 faiz olub. Proqnozlar göstərir ki, üçüncü və dördüncü rüblərdə daha artıq qiymət artımı olacaq”.
Bahalaşmanın iqtisadi əsaslarına gəlincə, Ramil Osmanlı deyib: “Bazarda süni spekulyativ meyl çoxdur, amma bütövlükdə qiymət dəyişməsi iqtisadi amillə bağlıdır. Söküntü artır, bu isə bütün seqmentlər üzrə tələbi artırır, bazara pul axını sürətlənir və qiymət qalxır.
Bunun qarşısının alınması indiki şəraitdə mümkün görünmür. Çünki qısa müddət ərzində bazarda təklifi kəskin artırmağa ehtiyac var. Bu isə yalnız yeni tikintilərin hesabına mümkündür. Dövlət mənzil tikintisi ilə bağlı qaydalara, vergiqoymalara dəyişiklik etməklə sahibkarları stimullaşdıra və bu prosesə cəlb edə bilər. Amma dövlət hətta qısa müddətdə bu istiqamətdə müzakirələrə başlasa da, qərarın qəbulu, üstəgəl minimum tikinti dövrü təxminən 2-3 il vaxt aparacaq”.