Milli Şura hüquq müdafiəçisi İlqar Nəsibovun vəhşicəsinə döyülməsini pisləyən bəyanat verib. Bəyanatda deyilir:
İlham Əliyevin avtoritar və totalitar hakimiyyət rejimi daha bir hərəkəti ilə Azərbaycanı və bütün beynəlxalq aləmi heyrətləndirməkdədir. Naxçıvanda hüquq müdafiəçisi İlqar Nəsibovun vəhşicəsinə döyülməsindən bütün dünya şoka düşmüşdür. Bir vaxtlar cənab İlham Əliyev hüquqi dövlət quracağını bəyan etmişdi. Lakin baş verən vəhşiliklər, ölkəmizdə irticanın azğınlığı vəd edilən hüquqi dövlətdən əsər-əlamət olmadığının aydın ifadəsidir. Günün günorta çağı Azərbaycan vətəndaşı, ölkənin daha sərt avtoritar bölgəsi sayılan Naxçıvanda, şübhəsiz ki, hüquq mühafizə orqanlarının bələdçiliyi ilə qanına qəltan edilmişdir.
Uzun illərdir Nəsibovlar ailəsi Naxçıvanda ekstremal şəraitdə işləyir, həyatlarını, ailələrinin taleyini ağır risk altına qoyurlar. Onların dirənişi və dözümü sözün tam mənasında fədakarlıq, Azərbaycan diktatorluğunun Naxçıvan “eksperimental laboratoriyasında” qəhrəmanlığa bərabər bir hadisədir. Bakıdakı həbslərdən, hakimiyyətin nəzarətində olmayan insan hüquqları təşkilatlarının total təqibindən ilhamlanaraq bu “eksperimental laboratoriyada” insanlıq adına zidd olan növbəti vəhşilik baş vermiş, ölkəmiz beynəlxalq aləmdə rüsvay edilmişdir. İndi dünyanın aparıcı informasiya vasitələri və media qurumları bu rüsvayçılıqdan, insan ləyaqətinin tapdalanmasından, Azərbaycanda zor üzərində bərqərar olan bir diktatorluğun mövcudluğundan yazır.
Korrupsiya genişləndikcə, rüşvət şəbəkəsi çiçəkləndikcə, monopolist dairə kiçildikcə, xalqın malı hesabına zənginləşənlər öz vəhşi təbiətini ortaya qoymaqdadır. Etirazçı dairənin ağzının yumulması, tənqidçi düşərgənin susdurulması, demokratiyanın ələ salınması İlham Əliyev rejimin mahiyyətini ortaya qoymuşdur. Xalqdan mandat almayan, ötən ilin oktyabrında seçkiləri total şəkildə saxtalaşdıran, hakimiyyəti mənimsəyən bir güruhun son iki həftə ərzində Leyla və Arif Yunusları, Rəsul Cəfərovu, İntiqam Əliyevi, Murad Ədilovu, Xaqani Məmmədovun və adı siyasi məhbus siyahısında sıralanan 100-dən artıq fədakar insanı saxta ittihamlarla həbsə atması, İlqar Nəsibov kimi nəcib bir insanı al-qana boyaması Azərbaycan həyatının acı reallığıdır. Demokratik Qüvvələrin Milli Şurası İlqar Nəsibovla bağlı baş vermiş vəhşilik aktını qəti şəkildə pisləyir, ölkənin bütün həyatını bürümüş irticanın azğınlığının qarşısının alınmasını və günahkarların cəzalandırılmasını tələb edir.