Qəzalı evlərdə yaşayanların səksəkəli həyatı
“Bu evə 18 il əvvəl köçmüşük. Burada bizdən əvvəl valideynlərim yaşayırdı. Onlar mənim əlilliyimi nəzərə alaraq bu evi bizə verib, özləri qonşuluqdakı Başkənd kəndinə köçdülər. Amma burda cəmi 3-4 il rahat yaşaya bildik. Əvvəldən də o qədər möhkəm olmayan divarlar hər xırda zəlzələdən sonra yeni çatlar verməyə, köhnə yarıqlar bir az da genişlənməyə başladı”.
Goranboyun Qaraçinar kəndində məskunlaşan kəlbəcərli məcburi köçkün, II qrup Qarabağ müharibəsi əlili Ziyəddin Kərimovun evi son illər baş verən zəlzələ və sel sularının təsirindən qəzalı vəziyyətə düşüb. Artıq binanın divarının bir hissəsini bir neçə gün öncə külək uçurub. Ailə üzvlərinin dediyinə görə, buna səbəb heç də güclü qasırğa və ya tufan olmayıb. Adi bir küləyin gücü Kərimovların evinin eyvan hissəsinə aid divarın yarısının uçub yerlə-yeksan olmasına kifayət edib.
Hələ dağılmamış divarlar bir-birindən bəzi yerlərdə 10-20 sm aralanıb. Döşəmənin üzəri ilə atılan ən ehmal addım belə, evi bütünlüklə lərzəyə gətirir. Otağa daxil olarkən evin o başında qab-qacaq silkələnərək cingildəyir. Bu səsin yaratdığı vahimənin təsirindən bir anlıq yerindəcə donub qalırsan. Növbəti addımlı atmaq adamdan ürək istəyir. Amma üç uşaq sahibi olan Kərimovlar ailəsi illərdir ki, hər gün bu həyacanı yaşamalı olur. Ailənin başçısı Ziyəddin Kərimov artıq 17 ildir ki, bu həyəcandan qurtulacaqları günü gözlədiklərini deyir.
Kərimovların evi həm də kəndin sel tutan hissəsində yerləşir. Bu isə evin özülünün daimi nəm olmasına, divarların çökərək daha da aralanmasına səbəb olur. Ziyəddinin həyat yoldaşı Lütfiyyə Kərimova hər an uçma təhlükəsi qarşısında olan bu evdə hələ də yaşamalarının səbəbinin cəsarətdə deyil, çarəsizlikdə olduğunu bildirir:
“Vallah, bu nə cəsarət, nə də igidlik deyil. Qorxu, səksəkə içində yaşayırıq. Özümü də yox, bu üç uşağımı düşünürəm. Onları evdə qoyub bir tərəfə gedəndə, qayıdana qədər məndə ürək qalmır. Qayıdıb onları uçmuş divarlar altında axtaracağımı düşününcə, yüz dəfə ölüb-dirilirəm. Yazıq balalarımda da ürək qalmayıb. Hərdən düşünürəm ki, onlar gələcəyin əsgərləridir. Bu ürəklə vətəni necə qoruya biləcəklər?”.
Ziyəddini isə ailəsinin həyəcanlarına son qoya biləcək iqtidarda olmamağı daha çox üzür:
“Təqaüdümü dərmana verəndə uşaq ac qalır, ərzağa verəndə isə dərman ala bilmirəm. Yoldaşımın becərdiyi dirrik, saxladığı toyuq-cücə olmasa heç dolana bilmərik. Biz ev almaq, ya da bu evi bərpa etmək imkanında deyilik. Dövlət isə bizə kömək etmək istəmir”.
Goranboyda Kərimovlar kimi oxşar taleyi yaşayan ailələr çoxdur. Rayonun dağətəyi hissəsində yerləşən Qaraçinar, ona bitişik Yenikənd, Qaxtut, Meşəli, Börü və bu bölgədəki digər qonşu kəndlərdə təbii fəlakətlərdən zərər çəkən və təmir gözləyən 150-dən çox ev var. Bu cür evlərin bir qismi sakinlərin öz hesabına bərpa olunub.
Lakin ailələrin bir qismi qəzalı evlərinin bərpası üçün dövlətin yardımına ehtiyac duyur. Qaraçinar kəndində yaşayan II qrup Qarabağ müharibəsi əlili Məhərrəm Quliyev də belələrindəndir. O yataq xəstəsi olan ahıl anası və iki xəstəyə qulluq edən həyat yoldaşı ilə birlikdə evin aralanan divarlarına baxaraq səksəkə içində həyat sürür. Onu da Kərimovları düşündürən eyni sual narahat edir: “Görəsən, bu ev başımıza ucmazdan öncə dövlət bizi başqa evə köçürəcək, ya yox?”.
Digər məcburi köçkün Rasim Tağıyev isə sel basmış evini bərpa edə bilmədiyi üçün ailəsinin dağıldığını deyir. Onun sözlərinə görə, həyat yoldaşı bu çətinliklərə dözməyərək ondan boşanıb.
Goranboy rayon Icra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Baxış Abdullayev isə hesab edir ki, onlar üzərinə düşən işi lazımınca yerinə yetiriblər:
“Yerli orqanların üzərinə düşən vəzifə mövcud vəziyyəti öyrənib, nəticələr barədə yuxarı instansiyalara məlumat verməkdir. Biz hər təbii fəlakətdən dərhal sonra üzərimizə düşən işi lazımınca yerinə yetiririk. Qaraçinar kəndindəki qəzalı evlər barədə də Fövqəladə Hallar Nazirliyinə vaxtında məlumat verilib. Sakinlərə dəyən ziyanın ödənilməsinə gəlincə, bu yerli orqanların imkan və səlahiyyətləri xaricindədir. Nazirlik nə vaxt yardım ayıracaqsa, o zaman da biz onlara kömək edə biləcəyik”.
Eyni fikirləri Kəlbəcər rayon Icra Hakimiyyəti başçısının birinci müavini Əli Bağırovdan da eşitdik:
“Biz kəlbəcərli məcburi köçkünlərin sosial durumunun yaxşılaşdırılmasında təbii ki, maraqlıyıq və bu yöndə əlimizdən gələn köməyi onlardan əsirgəmirik. Onların məskunlaşdığı evlərin təbii fəlakətlərdən zərər çəkməsi zamanı biz də müəyyən yardımlar edirik. Amma həmin evlərin bərpası daha çox vəsait tələb etdiyi halda, buna imkanımız çatmır. Bu iş Fövqəladə Hallar Nazirliyinə aiddir. Zərərçəkənlərlə FHN arasındakı əlaqələndirici qurum isə onların yaşadığı ərazidə fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyasıdır. Yəni, konkret halda, bu işlə Goranboy rayon Fövqəladə Hallar Komissiyası məşğul olmalıdır”.
Aran bölgəsində 2010-cu ildə baş vermiş daşqınlar zamanı zərərçəkmişlərin problemləri ilə məşğul olan Kür Vətəndaş Qərargahının koordinatoru Oqtay Gülalıyev anoloci problemlərin həlli üçün dövlətin 2010-cu ildən bəri 460 milyon, təkcə Zaqatala zəlzələsi ilə əlaqədar isə 300 milyon manat vəsait ayırdığını deyir:
“Başqa bölgələrdə belə fəlakətlərdən zərər çəkən vətəndaşlar da bu yardımlardan yararlanma hüququna malikdirlər. Sadəcə, onların da eyni qədər dövlət yardımına ehtiyacı olduğu lazımı qurumların diqqətinə çatdırılmalıdır. Vəzifəli şəxslərin səhlənkarlığı, korrupsiya faktları ilə qarşılaşanlar isə məhkəməyə müraciət etməlidir”.
O.Gülalıyev Kür daşqınlarından zərər çəkən 100-dən çox ailənin belə faktlarla bağlı məhkəməyə üz tutduğunu, onlardan 96-nın çəkişməsinin hələ də davam etdiyini deyir:
“FHN təbii fəlakətlərdən zərər çəkənlərə dövlət dəstəyini icra etmək funksiyası daşıyan orqan olaraq, Kür daşqınlarından zərər görən 3 min 200-dən artıq ailəyə ev tikib və bir çox başqa yardımlar göstərib. Amma təəssüf ki, bəzi hallarda vətəndaşlar bu yardımdan pay almaq hüquqlarını məhkəmə yolu ilə sübut etməli olurlar”.
FHN-in məsələyə münasibətinin uzun şərhə ehtiyacı yoxdur. Nazirliyin mətbuat xidmətinin rəhbəri Tural Müseyibovun sualımızı yarıyacan dinləyib, telefonu qapatması Ziyəddinin, Lütfiyyənin, onların üç azyaşlı övladının hələ çox, ən azından bu divarlar uçub tökülüncəyədək səksəkəli həyat sürəcəyindən xəbər verir…
civil-forum.az