Bayram günləri üzündən qeyri-iş günlərinin il ərzində çoxluğu təhsilə neqativ təsir göstərməsi Təhsil Nazirliyi səviyyəsində etiraf olunmuşdu. Əslində bu cür situasiyanın yaranmasının bir neçə səbəbi var. Birinci səbəb tədris ilinin sentyabrın 1-dən deyil, 15-dən başlamasıdır. Eyni zamanda orta ümumtəhsil və ali məktəblərin 6 günlük sistemdən 5 günlük sistemə keçilməsi, bayram günləri ilə əlaqədər olaraq qeyri-iş günlərinin elan edilməsi də tədris proqramının çatdırılmamasına təsir edən faktorlardandır. Yaranmış situasiyada Təhsil Nazirliyi tədris müddətinin artırılmasını təklif edir.
Nabatəli Qulamoğlu: «Yaranmış vəziyyətdə çözüm tədrisə sentyabrın 1-dən başlamaqdır»
Təhsil eksperti Nabatəli Qulamoğlu bildirdi ki, təhsil naziri dünyada standartların dəyişməsi üzündən tədrisin müddətinin artırılmasına ehtiyac olduğunu bəyan edib. Gələn ildən artıq tədrisin iyunun 15-nə qədər davam edəcəyini deyən ekspert vurğuladı ki, bu düşünülməmiş addımdır. Çünki Azərbaycan məktəblərinin durumu yayın istisində şagirdlərə təhsil üçün normal şərait yaratmağa imkan vermir: «Şagirdlər nəinki iyun ayında olan istiyə, heç maydakı istiyə dözə bilmir. Azərbaycan məktəblərində sinif otaqları kondisonerlərlə təchiz olunmayıb».
Çıxış yoluna gəlincə isə, N. Qulamoğlu hesab edir ki, yaranmış vəziyyətdə çözüm tədrisə sentyabrın 1-dən başlamaqdadır. Eyni zamanda tətillərin vaxtını da qısaltmaqla tədris proqramını normal formada çatdırmaq olar.
Samir Əliyev: «Hər işsiz gün üçün ölkə iqtisadiyyatı ən azı 50 milyon manat zərərə düşür»
Bəs bayram günləri üzündən elan olunan qeyri-iş günlərinin çoxluğu iqtisadiyyata hansı ziyanı vurur? İqtisadçı ekspert Samir Əliyev isə bildirdi ki, il ərzində 20 gün bayrama təsadüf edir və həmin günlər qeyri-iş günü hesab olunur. Bu ilin 104 günü isə şənbə-bazara düşür. Beləliklə, məzuniyyətləri saymasaq 365 günün ən azı 124 günü istirahətə düşür.
Azərbaycanda qeyri-iş günlərinin çox olmasının həmişə müzakirə mövzusu olduğunu deyən S.Əliyev başqa ölkələrin təcrübəsi ilə müqayisə apardı. Qısa araşdırma göstərir ki, Azərbaycan kifayət qədər qeyri-iş günləri olan ölkələrdən hesab olunur: «Dünyada ən çox qeyri-iş günü olan ölkə Şri-Lankadadır. Bu ölkə vətəndaşlarının məzuniyyətdən savayı ildə 24 gün istirahət etmək şansı olur. İran, Maldiv adaları və Braziliyada belə günlərin sayı 21-dir. Hökumət Hindistanda 18,Cənubi Koreyada 17, Yaponiyada 15 bayram günləri müəyyənləşdirib. Avstraliyavə İsveçrədə 11, Sinqapur, İrlandiya və Niderlandda 10, Britaniyada 9, Kubada 8 qeyri-iş günü var. YUNESKO-nun qiymətləndirmələrinə görə, dünya üzrə qeyri-iş günlərinin ortastatistik rəqəmi 12,2 gündür. Almaniya vətəndaşları 13, İtaliya 12, ABŞ isə 11 gün evində bayram edir.
MDB ölkələrindən Belorusda 13, Rusiyada 11, Ukraynada 10 gün qeyri-iş günü var».
S.Əliyevin sözlərinə görə, bayramlarla əlaqədar qeyri-iş günlərinin sayının çoxluğu heç də cəmiyyətdə birmənalı qarşılanmır. Əgər vaxtamuzd işçilər qeyri-iş günlərinin sayının çoxluğunda maraqlıdırlarsa, işəmuzd işçilər üçün arzu olunmazdır. Çünki məmurlar, müəllimlər, həkimlər və s. iş günlərinin sayından asılı olmayaraq qabaqcadan təyin edilmiş maaş alırlar: «Ancaq gündəlik qazancla yaşayan şəxslər üçün hər qeyri-iş günü zərər deməkdir. Qeyri-iş günləri təkcə ayrı-ayrı şəxslərə yox, ümumilikdə ölkə iqtisadiyyatına zərər vurur. Bununla bağlı müxtəlif hesablamalar mövcuddur. Məsələn, Rusiyanın Əmək Nazirliyinin hesablamarına görə, orta hesabla hər bayram günü 370-420 milyon dollar zərər deməkdir. Ölkə ÜDM-si hər il Yeni il bayramlarına görə təxminən 20-25 milyard dollar itirir».
S.Əliyev bildirdi ki, Böyük Britaniyada ölkə iqtisadiyyatı hər qeyri-iş gününə görə 2,3 milyard funt itirir. Beləliklə də il ərzində ümumi itki 19 milyard funt zərər verir. Qeyri-iş günlərinin çoxluğu Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərir: «Düzdür, neft amili bu itkini azaldır. İstənilən halda iqtisadi artıma mənfi təsir göstərir. Bu günə qədər zərərin nə qədər olması barədə konkret araşdırma mövcud deyil. Ancaq bəzi hesablamarla itkinin təxmini həcmi barədə təsəvvür yaratmaq olar. 2012-ci ildə ÜDM-in həcmi 54 milyard manat olub. ÜDM-in gündəlik həcmi isə orta hesabla 148 milyon manat olub. DSK-nın məlumatına görə, ÜDM-in 50%-i neft sektorunun, 15%-i isə nəqliyyat, ticarət və ictimai iaşənin payına düşür. Neft hasilatı fasiləsiz istehsal sahəsi hesab olunduğunda qeyri-iş günləri bu sektora şamil edilmir. Nəqliyyat, ticarət və ictimai iaşə obyektləri də ilin istənilən günü müştərilərin üzünə açıqdır. 4 sektoru (neft, nəqliyyat, ticarət və ictimai iaşə) götürdükdə belə çıxır ki, iş gününün olub-olmamasından asılı olmayaraq gündəlik ÜDM-in təxminən 65%-i formalaşır. Yerdə gündəlik ÜDM-in (148 milyon manatın) 35%-i qalır ki, bu da təxminən 52 milyon manat edir».
Deməli, hər işsiz gün üçün ölkə iqtisadiyyatı ən azı 50 milyon manat zərərə düşür. Bu isə o deməkdir ki, 2014-cü ildə ÜDM bayram günlərinə görə ən azı 1 milyard manat itirəcək. Nəzərə almaq lazımdır ki, ölkə iqtisadiyyatı ildən-ilə artır və ona uyğun olaraq itkilərin həcmi də ildən ilə artır. Təkcə bank sektoru hər qeyri-iş gününə görə ümumilikdə 10-15 milyon manat itirir.
Xəyal