Etiraz aksiyası keçirmək istəyən qatar bələdçilərinə, yer əvəzinə «tövsiyə» verildi
Uzun müddətdir “Azərbaycan Dəmir Yolları” QSC-nin qatar bələdçiləri üzləşdikləri haqsızlıqla bağlı etiraz edirlər. Bu haqda onlarla məqalə yazılıb, bələdçilərin problemləri ilə bağlı çəkilişlər aparılıb, bütün aidiyyəti orqanlara müraciət olunub. Ancaq hələ də onların dərdinə çarə edən tapılmır. Indi qatar bələdçiləri yeganə çıxış yolunu aclıq aksiyasında görürlər.
Qeyd edək ki, qatar bələdçilərinin tələbi maaşlarının uzun illərdi düzgün hesablanmamasıdır. Bir müddət əvvəl “Azadlıq”a müraciət edən dəmiryolçular bildirmişdilər ki, aclıq aksiyasına başlayacaqlar. Bununla bağlı Bakı şəhər Icra Hakimiyyətinə rəsmi müraciət də ünvanlanmışdı. Hətta bildirilmişdi ki, aksiya üçün yer tapılmasa, qəbiristanlıqda ölüm aclığına başlayacaqlar.
Indi, BŞIH-də dəmiryolçuların müraciətinə gülməli bir cavab verib. Rəsmi cavabda bildirilir: “Hesab edirik ki, sizi narahat edən məsələ ilə bağlı aksiya keçirmək deyil, aidiyyəti orqanlara müraciət etməyiniz tövsiyə olunur. Eyni zamanda bildiririk ki, ərizəniz baxılmaq üçün tərəfimizdən ”Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə göndərilmişdir”.
Hörmətli Hacıbala müəllimin nəzərinə çatdırmaq istəyirik ki, dəmiryolçular BŞIH-dən məsləhət istəmir, nə də BŞIH-ə şikayət etməyiblər. Dəmiryolçular etiraz aksiyası keçirmək üçün yer istəyirlər. Sizin dəmiryolçuların məktubunu “Azərbaycan Dəmir Yolları”na geri göndərməyiniz isə, ümumiyyətlə, şedevrdi. Bu adamlar uzun illərdi “Azərbaycan Dəmir Yolları” idarəsinə məktub yazmaqdan yorulduqları üçün aksiya keçirmək istəyirlər. Yəni sizin göndərdiyiniz məktubda yazılanları Dəmir Yolları idarəsi əzbər bilir. 170-dən çox qatar bələdçisi bildirir ki, onların əmək haqqı düzgün hesablanmır və qanuni şəkildə etirazlarını bildirirlər.
BŞIH-in reaksiyası isə belə qənaət yaradır ki, bu qurum məsləhət vermək üçün yaradılıb. Dəmir Yolları idarəsi bu məsləni həll etmək fikrində olsaydı, məsələ bu səviyyəyə qədər gəlib çıxmazdı.
Bir daha qeyd edirik ki, dəmiryolçular BŞIH-dən yemək tələb etmir, ac qalmaq üçün yer tələb edir. BŞIH isə buna əsaslı cavab verməlidir. Ya insanların konstitusion hüquqlarından istifadəsinə şərait yaratmalıdır, ya da yer verməyəcəyini bildirməlidir.
Insanlar aksiya keçirmək istəyirlərsə, deməli, buna qərar veriblər. BŞIH-in tövsiyəsinə ehtiyacları olsaydı, bu qərarı BŞIH-də verərdilər. Ona görə də yaxşı olardı ki, BŞIH vətəndaşların müraciətinə mahiyyəti üzrə baxsın. Nə vaxt rəsmi şəkildə bu qurumu “tövsiyə və məsləhət” klubu elan edərlərsə, o zaman tövsiyələrinizi verərsiniz.
Xatırladaq ki, dəmiryoçular avqustun 1-i, saat 10:00-da Dəmiryol idarəsinin qarşısında etiraz aksiyası keçirəcək.
Akif