AXCP sədri İlham Əliyevə tarixin səhv cinahında yer aldığını xatırlatdı:”Tarixin təkərlərini geriyə döndərmək istəyənlər bu təkərlərin altında qalacaqlar! Mütləq!”
AXCP sədri Əli Kərimli hüquq müdafiəçisi Leyla Yunusun həbs edilməsinə özünün Facebook səhifəsində reaksiya verib. AXCP sədri yazır:
“Leyla Yunusu da həbs etdilər. Leyla xanımı aylarla “ermənilərə işləyir” ittihamı ilə mənəvi terrora məruz qoydular. Sonda isə ona saxta sənəd hazırlamaq, vergidən yayınma kimi maddələrlə də ittiham elan olundu. Əlbəttə, “erməni işi” kimi, bu yeni ittihamlar da quramadır, Leyla xanımı tutmaq üçün sadəcə, bəhanədir.
Hökumət nümayiş etdirir ki, həqiqəti deyən, siyasi məhbusları müdafiə edən insanları susdurmaq naminə istənilən qeyri-populyar addımı atmağa hazırdır. Hətta belə addımlar onu xalqından və dünya birliyindən daha da qoparsa da. Leyla xanımın səhhətində də ciddi problemlər var. Onu bu gün hüquq mühafizə orqanı əməkdaşları məhkəməyə qollarında qaldırıblar. Leyla xanım iyun ayında onu həbs etmək cəhdləri ilə bağlı İlham Əliyevə belə yazmışdı: “Sizin üçün məni məhv etmək çətin olmaz. Çox sayda variant var və əsir saxlamaq onlardan biridir. Sizin məzuniyyətlər dövründə, ictimaiyyətin məlumatlandırılmasının daha çətin olduğu bir dövrdə hücuma keçəcəyinizi təxmin etmək çətin deyil. Məni məhv edə bilərsiniz, amma heç vaxt qələbə qazana bilməzsiniz. Tarixi təzədən yazmaq olmaz, hər kəs öz yerini tutub. Siz tarixdə prezident İlham Əliyev – Heydər Əliyevin oğlu kimi deyil, qadın hüquq müdafiəçisi Leyla Yunusu əyə bilməyən, ona qalib gələ bilməyən və onu amansızlıqla məhv edən prezident kimi qalacaqsınız”.
İlham Əliyev israrla tarixin səhv cinahında yer almaqdadır. Repressiyalarla müasir dünyada yeri olmayan, vaxtı keçmiş, nimdaş rejimini davam etdirəcəyinə hələ də ümüd edir. Deməli, “gözü çıxmış qardaşlarından” heç nə öyrənməyib. Təəssüf. Xalqımız haqq etdiyi demokratiyanın, azadlığın təntənəsinə qovuşacaq! Tarixin təkərlərini geriyə döndərmək istəyənlər bu təkərlərin altında qalacaqlar! Mütləq!”