Azərbaycan Xalq Cəbhəsi Partiyası Leyla Yunusun həbsi ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:
“Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) hüquq müdafiəçisi Leyla Yunusun həbsini kəskin formada pisləyir.
AXCP birmənalı formada olaraq bu həbsi siyasi sifarişin, hakim Əliyevlərin qərəz və hikkəsinin nəticəsi hesab edir və Leyla Yunusun hərəkətlərində heç bir cinayət tərkibinin olmadığına inamını ifadə edir.
AXCP bəyan edir ki, bu həbs təkcə bir ictimai fəala qarşı yönələn qəddar akt deyil, avtortar hakimiyyətin insan hüquq və azadlıqlarına meydan oxuması, demokratiya, azadlıq uğurunda çalışan insanlarla hesablaşma addımıdır.
AXCP təəssüflə bildirir ki, beynəlxalq təşkilatlar Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən ölkədə hüquqi nihilzmin hökm sürməsinə adekvat reaksiya vermir, bu isə repressiya maşınını daha da işlək edir.
AXCP belə bir ağır stuasiyada xalqımızı, onun ziyalılarını ölkənin müqəddaratı ilə bağlı bir daha və ciddi düşünməyə səsləyir. AXCP hesab edir ki, heç kim azadlıq və demokratik mübarizədən yaxasını kənara çəkməklə məsuliyyətdən və Əliyev rejimin hər gün artan pisliklərindən azad ola bilməyəcək. Azərbaycan insanının real qurtuluşu onu əsarət altında saxlayan rejimə qarşı səfərbər olub, səbatlı mübarizəyə aparmasıdır.
AXCP bəyan edir ki, bu mübarizənin ön cəbhəsində həmişə olduğu kimi, yenə də mətanətlə dayanır. Heç bir repressiya, böhtan və qarayaxma kampaniyası ülvi dəyərlər uğurunda mübarizədə tərəddüd yaratmayacaq.
AXCP Leyla Yunusu, eləcə də siyasi motivlərlər başqa həbs olunan və təzyiqə məruz qalanları qanunun imkan verdiyi bütün vasitələrlə müdafiə edcək”.