Fuad Qəhrəmanlı: «Hakimiyyətin yürütdüyü anti-demokratik siyasətin mahiyyətini beynəlxalq aləmdən gizlətmək mümkün deyil»
Son zamanlar beynəlxalq aləmdə Azərbaycan hakimiyyətinə münasibətdə mövqeyin dəyişdiyi hiss olunur. Azərbaycan hakimiyyəti ilə bağlı korrupsiya faktları aşkarlanmaqla yanaşı iqtidarın lobbisti rolunda çıxış edənlər də sərt tənqid hədəfinə tuş gəlirlər. Artıq Azərbaycan hakimiyyətinin lobbisti olmaq o qədər asan peşəyə çevrilməyib.
Baş verən hadisələrin fonunda ABŞ-ın ATƏT-dəki nümayəndəsi səfir Daniel Baer maraqlı açıqlama ilə çıxış edib. Çıxışı zamanı Baer ATƏT-in Bakıdakı layihələrinin koordinatoru Aleksis Şahtaxtinski sərt tənqid edib: “Mən sizin iki fotonuzu gördüm, biri prezident Əliyevlə, digəri xarici işlər naziri ilə. Lakin vətəndaş cəmiyyəti ilə fotonuzu görmədim. Sadəcə, sizə xatrlatmaq istərdim ki, sizin çalışdığınız ölkələrin hökumətləri ilə məsləhətləşmələriniz sözsüz ki, işinizin mühüm hissəsidir. Ancaq siz bizim hamımız üçün işləyirsiniz və siz bu qurumun əsasını təşkil edən prinsiplər üzrə çalışırsınız. Sizin şefiniz Azərbaycan hökuməti deyil».
Texasın “Houston Chronicle” (“Hyuston Xronikası”) qəzeti isə ABŞ qanunvericilərinin lobbiçilərin maliyyə vəsaitləri hesabına Bakıya səyahət etməsini sərt tənqid edən araşdırma dərc edib. 10 Konqres üzvünün və onların 35 köməkçisinin Azərbaycan paytaxtına səfərini incələyən nəşr onların Bakıya səfərə görə aldıqları vəsaitləri də açıqlayıb.
Söhbət 2013-cü ilin may ayında Heydər Əliyev Mərkəzində təşkil olunan, sabiq senator Riçard Luqarın da qatıldığı konfransdan gedir. Müəlliflər yazırlar ki, səfərin təşkilinin məqsədi ABŞ qanunvericilərinə çıxış əldə etmək və konkret olaraq Şahdəniz layihəsini İrana qarşı ABŞ sanksiyalarından istisna etmək idi.
Azərbaycan hakimiyyətinə münasibətdə bu cür mövqeyin sərgilənməsini nəyin təzahürü saymaq olar?
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə, bu Azərbaycan iqtidarının beynəlxalq səviyyədə tam ifşa olunması ilə bağlıdır. Əgər hakimiyyət əvvəllər müəyyən imitasiya ilə öz mahiyyətini maskalaya bilirdisə, son vaxtlar baş verən proseslər hakimiyyətin məqsədlərini beynəlxalq aləm üçün tam aşkar edib: «Açıq görünür ki, Azərbaycan hakimiyyətinin artıq demokratik islahat keçirmək niyyəti yoxdur. Ölkədə insan hüquqlarının, demokratiyanın boğulması məqsədli siyasət daşıyır. Beynəlxalq qurumlar ölkədə baş verən proseslərin mahiyyətindən məlumatlı olsalar da, əvvəllər Azərbaycan hakimiyyəti ilə bağlı müəyyən ümidlər var idi. Baş verənlərin keçid dövrünün xüsusiyyətləri olduğu düşünülürdü və müəyyən müddət sonra hakimiyyətin bu problemləri həll edəcəyi düşünülürdü. Amma xeyli zaman keçəndən sonra məlum oldu ki, hakimiyyət nəinki demokratiya, insan haqları, korrupsiya sahəsindəki problemləri həll etmək niyyətində deyil. Əksinə mümkün olduğu qədər bu sahədəki problemlər daha da gücləndirilir. Ona görə Azərbaycan iqtidarından dəyişikliklərlə bağlı bütün ümidlər kəsilib».
F.Qəhrəmanlının fikrincə, bütün baş verənlər ona gətirib çıxarıb ki, hakimiyyətlə bağlı beynəlxalq aləmdə yekdil mövqe formalaşıb. Və hakimiyyətin davranışlarına dözümlü yanaşmağın heç bir mənası yoxdur. Əksinə bu cür mövqe Azərbaycan hakimiyyətini daha da stimullaşdırır. «Azərbaycan hakimiyyətinin fəaliyyəti ən sərt formada ifşa olunmaqdadır. Azərbaycan hakimiyyətinə beynəlxalq aləmdən heç bir ümid qalmayıb. Azərbaycan hakimiyyətinin insan haqlarını kobud formada pozması, yürütdüyü siyasət özünü elə qabarıq formada göstərir ki, bu gerçəkliyi gizlətmək mümkün deyil. Ona görə də hakimiyyətə münasibətdə beynəlxalq aləmdə sərt mövqe ifadə olunur».
Xəyal