Azərbaycanda xarici istehsallı avtomobillərin və MDB ölkələrində onların bazasında buraxılan modellərin texniki baxışdan keçmə müddəti avqustun 1-də bitir. Amma müşahidələr göstərir ki, bundan sürücülərin heç də hamısı məlumatlı deyil.
Texniki baxışı avtomobil nəqliyyat vasitəsinin qeydiyyat yerindən asılı olmayaraq Baş Dövlət Yol Polis İdarəsinin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən mərkəzində və ya respublikanın digər rayonlarındakı regional şöbələrində keçmək mümkündür. Sürücülər arasında çaşqınlıq yaradan məqam isə bu il texniki baxış müddətinin əvvəlki illərlə müqayisədə önə çəkilməsidir. Yəni əgər xarici istehsallı avtomobillər sentyabrın 1-dən oktyabrın 31-nə qədər texniki baxışdan keçməli idisə, bu ildən bu istiqamətdə yeni qaydalar tətbiq olunur. Artıq xarici istehsallı avtomobillər mayın 1-dən avqustun 1-nə qədər texniki baxışdan keçmə prosedurunu yekunlaşdırmalıdırlar. Yük avtomobilləri və avtobuslar üçün isə texniki baxışdan keçmə müddəti sentyabrın 1-dən oktyabrın 31-nə qədərdir. Texniki baxışdan keçməməyə görə inzibati cərimə fiziki şəxslər üçün 50 manat, vəzifəli şəxslər üçün 100 manat, hüquqi şəxslər üçün isə 300 manatdır. Əgər sürücü cərimələnibsə, o, 10 gün ərzində avtomobili texniki baxışdan keçirməlidir və bu müddət ərzində onu təkrar cərimələyə bilməzlər.
Bəs texniki baxışdan keçmə müddətində dəyişiklik etmək hansı zərurətdən irəli gəlirdi və bu dəyişikliklər barədə sürücülər əvvəlcədən məlumatlandırılıblarmı?
Kamran Əliyev: «Texniki baxışın müddəti xarici markalı avtomobillərin sayının artması üzündən dəyişdirilib»
Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, yeni qaydalar keçən ilin avqust ayında qəbul olunub və o müddətdən də bu istiqamətdə KİV-lərdə, elektron saytlarda, telekanallarda məlumat verilib. Yeni qaydaların tətbiqinin səbəblərinə gəlincə isə bu xarici markalı avtomobillərin sayının artmasıyla bağlıdır. K.Əliyevin sözlərinə görə, əgər nəqliyyat vasitələrinin texniki baxışdan keçməsi üçün əvvəllər iki ay kifayət edirdisə, hazırda müddətdə dəyişiklik etmək zərurətə çevrilib: «Bu ilin yanvarından sürücülərə məlumat verildi ki, artıq xarici markalı avtomobillər əvvəlki kimi sentyabr-oktyabr aylarında deyil, may-iyun-iyul aylarında texniki baxışdan keçməlidir».
Texniki baxışın müddətinin irəli çəkilməsinin səbəblərinə gəlincə isə K.Əliyev bildirdi ki, texniki baxış müddəti oktyabrın 31-də bütün nəqliyyat vasitələri üçün sona yetir. Yeni dəyişiklik nəticəsində sadəcə olaraq xarici istehsallı avtomobillər ilə yük avtomobilləri və avtobusların yeri dəyişdirilib. «Texniki baxışdan keçən zaman ödənilən dövlət rüsumu və «yol vergisi» bütöv il üçün nəzərdə tutulur. Bəzi sürücülər deyir ki, biz nəyə görə 9 aydan sonra yenidən texniki baxışdan keçməliyik? Ödənilən məbləğ 9 ay üçün deyil bir il üçün dövlətin büdcəsinə köçürülür», deyə K.Əliyev vurğuladı.
Müzəffər Baxışov: «Dəyişiklik olan zaman informasiyanı maksimum kütləviləşdirmək lazımdır ki, bütün sürücülər informasiyanı əldə etmiş olsun»
Hüquqşünas Müzəffər Baxışov isə bildirdi ki, texniki baxışdan keçmə həm sürücü, həm də ətrafdakılar üçün böyük əhəmiyyət kəsb edir. M.Baxışovun sözlərinə görə, əgər bu barədə əvvəlcədən məlumat verilibsə, hər bir sürücü qanunun tələblərinə uyğun olaraq texniki baxışdan keçməlidir: «Hər bir halda səlahiyyətli dövlət orqanı texniki baxışın müddətinə dəyişikliyin edildiyi ilə bağlı KİV-də, digər imkanlarından istifadə etməklə məlumat verməlidir. Bir sır qəzetlər, internet saytları, telekanallar vasitəsilə bu barədə məlumat verilib. Amma müəyyən intizamsız sürücülər var ki, onlara dəyişiklik barədə məlumatı birbaşa çatdırmaq lazımdır. Fəlsəfədə «subyektiv idealizm» anlayışı var. Subyektiv idealistlər həyatda görmədiyi şeyi qəbul etmirlər. İndi də bəzi insanlar deyir ki, dəyişiklik barədə informasiyanı eşitməmişəm deməli belə bir informasiya yoxdur. Bu məsələyə belə yanaşmaq olmaz. Texniki baxışdan keçmənin müddətinin xarici avtomobillərin sayının artması ilə izah edirlər. Yəni prosedurdan keçmə müddətinin bir qədər artıq olması gərəkir. Ona görə bu barədə sürücülərə tez-tez və daha çox əvvəldən məlumat verilməlidir ki, dəyişiklik yadda qalsın. Ən azı intizamlı sürücülər digərlərinə məlumat versinlər. Dəyişiklik olan zaman informasiyanı maksimum kütləviləşdirmək lazımdır ki, bütün sürücülər informasiyanı əldə etmiş olsun».
Xəyal