Digər müsəlman ölkələrində Ramazan münasibətilə əfv fərmanı verilsə də, Əliyev insanları sevindirməyi özünə rəva görmədi
Azərbaycanda vicdan məhbuslarının, siyasi baxışları və əqidəsinə görə həbs olunanların sıraları müqəddəs Ramazan bayramında da seyrəlmədi. Bəzi hüquq müdafiəçilərinin hələ iyun ayından əfv anonsları verdiklərini nəzərə alaraq, belə bir gözlənti vardı ki, hökumət Ramazan bayramı ərəfəsində siyasi məhbuslarla bağlı hansısa müsbət addım atacaq.
Konkret olaraq, Ilham Əliyevin bayram münasibətilə əfv fərmanı imzalayıb, günahsız həbs olunan insanların heç olmasa, bir qisminin azadlığa buraxılacağına ümidlər vardı.
Yeri gəlmişkən, əksər müsəlman ölkələrində məhz Ramazan bayramında belə addımlar atılır. Elə qonşu Iranda da Xamneyi əfv fərmanı imzalayıb.
Amma Azərbaycan hökuməti növbəti dəfə cəmiyyətin ümidlərini doğrultmadı.
Islam partiyasının sözçüsü Natiq Kərimov deyir ki, bütün dünyada müsəlman dövlətlərində əfv fərmanı imzalandığı üçün onlarda Azərbaycanda da belə bir addımın atılacağı gözləntisi olub: “Fəqət Azərbaycan hakimiyyəti belə işlərdə ləng tərpənir. Yaxşı olardı ki, həbsdə olan həm siyasi, həm də vicdan məhbusları azadlığa buraxılsın. Əfsuslar olsun ki, bizim gözləntilərimiz özünü doğrultmadı. Hakimiyyətdə belə bir addımın atılması üçün xüsusi prosedur qaydaları fikirləşirlər. Yəni, əfv üçün ərizənin yazılması. Həbsdə olanlar isə şərləniblər. Bu gənclər əqidələrinə, etirazlarına, əsgər analarına dəstək aksiyalarında iştiraklarına və digər məsələlərə görə həbs ediliblər. Həmin aksiyaları xüsusi amansızlıqla yatırdılar və gəncləri də ayrı-ayrı maddələrlə həbs etdilər. Bu gün Abgül Süleymanov, Anar Məmmədli, Tofiq Yaqublu, Nemət Pənahlı və digər şəxslər qanunsuz olaraq həbsdə saxlanır. Onlar hamısı şərlənərək həbs olunan qardaşlarımız, müsəlman camaatının bir hissəsidir”.
Həmsöhbətimiz qeyd edir ki, onların bu böyük bayram münasibətilə gözləntisi özünü doğrultmayıb. Bu bayram günlərində ailələri sevindirmək kimi savab bir addımı isə Azərbaycan hakimiyyəti həmişə olduğu kimi, sadəcə, atmaq istəmədi.
Nigar