Üzeyir Cəfərov: «Binanı inşa edən şirkətin adını açıqlasalar, araşdırıb görəcəksiniz həmin şirkət Zakir Həsənovla Nəcməddin Sadıqova yaxın adamlarındır»
Xəbər verildiyi kimi Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahı üçün inzibati bina inşa edilir. Binanın təməlqoyma mərasimi iyulun 26-da keçirilib. Tədbirdə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti iştirak edib.
Müdafiə naziri təməlqoyma mərasimində çıxış edərək Baş Qərargahın yeni inzibati binasının qısa bir vaxtda və keyfiyyətlə tikilməsi üçün şirkət rəhbərliyinə tövsiyələrini bildirib.
Hərbi ekspert Üzeyir Cəfərov “Azadlıq”a açıqlamasında Baş Qərargah üçün yeni inzibati binanın tikilməsini “korrupsiyaya yol açan addım” adlandırıb: “Baş Qərargah üçün ayrıca bina inşa etməyə ehtiyac yoxdur. Baş Qərargah rəisi müdafiə nazirinin birinci müavini hesab edilir. Baş Qərargahın Müdafiə Nazirliyi ilə eyni binada olması operativlik məqsədi daşıyır. Ona görə də Baş Qərargah üçün ayrıca bina inşa edilməsi korrupsiyaya yol açan addımdır. Yəni, pul silmək belə addım atırlar. Bu sadəcə biznesdir. Binanı inşa edən şirkətin adı açıqlanmır. Açıqlasalar araşdırıb görəcəksiniz ki, həmin şirkət Zakir Həsənovla Nəcməddin Sadıqova yaxın adamlarındır”.
Üzeyir Cəfərov həmçinin bildirib ki, Müdafiə Nazirliyinin indiki binasından vaxtilə 5 hərbi dairə idarə olunub: “Zaqafqaziya hərbi dairəsi, Şimali Qafqaz hərbi dairəsi, Türküstan hərbi dairəsi, Orta Asiya hərbi dairəsi və Qırmızı bayraqlı Xəzər donanması məhz bu binadan idarə olunub. Indi bu bina Zakir Həsənovla Nəcməddin Sadıqova azlıq edir? Bunlar sadəcə özlərini, öz rahatlıqlarını düşünürlər, bunları ordu düşündürmür”.