Vəfa Quluzadə: «İranın dini liderinin söylədikləri sırf təbliğata hesablanıb»
İranın dini lideri ayətullah Əli Xamneyinin İsrail ilə bağlı son çağrışı maraq doğurur. İyulun 23-də tələbələrlə görüşərək bölgədə gedən proseslərdən, eləcə də Qəzza zolağında baş verən olaylardan danışan Xamneyi
fələstinlilərin İsrailə müqavimətinə toxunub. Xamneyi deyib ki, Qərb sahilində yaşayan fələstinlilər silahlanmalı və İsrailin məhvi üçün referendum keçirilməlidir: “Qəzza zolağında baş verən cinayətlər ağlasığmazdır. Bu cinayətlər uşaq qatili olan sionist rejimin mahiyyətindən xəbər verir. Yeganə çıxış yolu bu rejimin məhvi, ortadan qaldırılmasıdır. Əhali silahlı müqavimət göstərməli, silahlı müqavimət Fələstinin Qərb sahilinə qədər genişləndirilməlidir. Sionist rejimin məhvi bölgədə yaşayan yəhudilərin qırğını anlamında deyil. Hesab edirik ki, hakim rejimin taleyini referendum və xalqın seçimi təyin etməlidir. Belə ki, bölgədə yaşayan insanlar referenduma qatılmalı və bu yolla öz hakimiyyətlərini elan etməlidir. 66 il ömrü olan bu saxta rejimə son qoymağın yolu budur”.
Əslində belə bir çağrış regionda İsrailə qarşı cihad çağrışı kimi dəyərləndirilir. İran tərəfindən atılan bu addım regionda gedən proseslərə necə təsir edə bilər?
Politoloq Vəfa Quluzadə hesab edir ki, İranın dini liderinin söylədikləri sırf təbliğata hesablanmış addımdır. Fələstinlilərin İransız da mübarizələrini apardıqlarını deyən V.Quluzadə vurğuladı ki, Fələstin İsrailə qarşı iki cəbhədə mübarizə aparır. Əgər «Həmas» İsrailə qarşı mübarizənin radikal tərəfdarıdırsa, Mahmud Abbasın rəhbərliyi ilə fələstinlilər Tel-Avivlə qarşı siyasi mübarizə aparırlar: «Mahmud Abbasın təmsilçiləri İsrail ilə siyasi mübarizə aparmağın tərəfdarıdırlar. Abbas mübarizədə dinc vasitələrdən istifadə edir. Amma radikal fələstinlilər silaha əl atırlar. Hazırkı situasiyada İranın çağrışının Fələstinə heç bir təsiri yoxdur. Bu sadəcə olaraq təbliğata hesablanıb».
V.Quluzadənin sözlərinə görə, əgər bu çağrışın arxasında İranın özünün Fələstinə qarşı mübarizəsi dayansaydı o zaman başaqa mövqe bildirmək olardı. Amma İran özü İsrail ilə mübarizədən yayınır: «İran İsrailə qarşı müharibə elan etməyəcək. Bəlkə də əgər belə bir addım atılsaydı, İsrail buna sevinərdi. Fələstin problemini burada yaşayan xalqın iradəsi ilə həll edilməlidir. Regionda vəziyyət gərgindir. Amma kənardan müdaxilə prosesi həll etmək iqtidarında deyil».
Xəyal