Coğrafiya Institutunun rəhbərliyi təhlükəni real, ekoloq isə bu proqnozu əsassız sayır
“Azadlıq”ın ötən sayında xəbər vermişdik ki, Milli Elmlər Akademiyası Coğrafiya Institutunun direktor müavini Elbrus Əlizadə bu ilin sel hadisələri baxımından çox təhlükəli illərdən biri olduğu haqda xəbərdarlıq edib. Onun sözlərinə görə, payızın əvvəllərinədək ölkədə çox güclü sellər baş verə bilər.
Direktor müavini proqnozunu belə əsaslandırıb: “Əvvəlki illərdən fərqli olaraq, bu il Azərbaycanda hava gözlənildiyindən az yağıntılı keçib. Selin əmələ gəlməsi üçün dağlıq ərazilərdə xeyli müddət quraqlıq olmalıdır. Bu il isə Azərbaycanda bu baxımdan tam əlverişli şərait yaranıb”.
Ekoloq Telman Zeynalov isə Elbrus Əlizadənin fikirlərilə razılaşmır. O, quraqlıq olmasını güclü sellə əlaqələndirməyi əsaslı saymır: “Sel 7-10 il arasında bir dəfə olur. Bu qədər müddətdə həmin materiallar orada yığılmalıdır ki, selin daşınması üçün şərait yaradılsın. Payızda Azərbaycanda güclü sel olacağı iddiası cəfəngiyyatdır. Bu iddianı ortaya atan çöl adamı deyil. Mən gecə-gündüz həmin ərazilərdəyəm və oraların hansı durumda olmasını bilirəm. Doğrudur, bu il bəzi rayonlarda həddən artıq quraqlıq olub. Amma bütün bölgələr quraqlıqdan əziyyət çəkməyib. Qaxda quraqlıq olubsa, yay ərzində Şəki və Qəbələdə yağışlar yağıb. Ərazilərin hamısını eyniləşdirmək olmaz”.
Ekoloq əmin edir ki, bu il güclü sel təhlükəsi ola bilməz. Çünki sel təhlükəsi yaradan materiallar illərlə yığılandan sonra sel əmələ gələ bilər.
T.Zeynalov suyun səviyyəsinin artması nəticəsində çayların məcrasından çıxacağını, daşqınları istisna etmir: “Bu, tamam başqa məsələdir. Yəni daşqınla seli fərqləndirmək və bu xüsusda əhalini qorxutmaq deyil, maarifləndirmək vacibdir”.
Nigar