Hakimiyyətin ölkədə iqtisadi inkişafın olduğuna, əhlinin güzaranın az qala Avropadakı yaxınlaşdığı bəyan etməsinə rəqəmlər tam fərqli mənzərəni ortaya qoyur. Belə ki, məlum olbu ki, Azərbaycanda kreditlərin sayının artım tempi borcalanların sayının artım tempindən yüksəkdir. Yəni müştərilər bir neçə bankdan kredit alırlar, bu isə «borc quyusu» ilə nəticələnə bilər.
AMB-nin məlumatına görə, 1 iyul üçün Mərkəzləşdirilmiş Kredit Reyestrində 2 mln 138 min 886 borcalan (ilin əvvəlindən +9,5%) və 7 mln 738 min 882 kredit haqda məlumat var (+18,6%).
İlin əvvəlindən MKR-ə 1 mln 421,31 min sorğu olub. Bu, ötən ilin eyni dövründəkindən 1,43 dəfə çoxdur. AMB-nin məlumatına əsasən, daha çox sorğu bank və qeyri-bank kredit təşkilatlarına aiddir (1 mln 398 min 83 dəfə). Qalan pay fiziki şəxslərindir – 23 min 227 sorğu. İlin I yarısında reyestrin məlumatlarından 41 bank və 31 QBKT istifadə edib.
İyulun əvvəli üçün reyestrdə kreditlər üzrə 989 min 278 zamin (ilin əvvəlindən +18,2%) barədə məlumat var.
Doqquz milyon əhalisi olan bir ölkə üçün əlbətdəki belə bir statistik məlumat fəlakətli sayıla bilər.
Məhəmməd Talıblı: «Bu ölkədəki sosial-iqtisadi vəziyyətin ağırlığı ilə bağlıdır»
İqtisadçı Məhəmməd Talıblı hesab edir ki, bank və qeyri-bank insitutlarının müştərilərinin sayının artmasının 2 səbəbdən izahı mümkündür. Birinci səbəb biznes kreditlərindən istifadə ilə bağlı belə artımlar olsaydı, bunun biznes mühitində və investiisya iqlimindəki normal şərtlərlə izahı mümkün idi. İkinci səbəb isə istehlak kreditlərindən istifadə ilə bağlı müştərilərinin sayının artmasıdır. Amma indiki şərtlər altında pozitiv hesab oluna bilməz: «Çünki, bu daha çox əhalinin gəlirlilik səviyyəsinin ürəkaçan səviyyədə olmaması və ölkədəki sosial-iqtisadi vəziyyətin ağırlığı ilə bağlıdır. Yəni, əhalinin əhəmiyyətli bir hissənin kənar maliyyə mənbələrindən asılı qalması və bu tendensiyanın güclənməsi ilə bağlıdır».
Samir Əliyev: «Bu çox təhlükəli həddir və əhalinin sosial vəziyyənin olduqca pis olmasının bariz nümunəsidir»
İqtisadçı Samir Əliyev isə hesab edir ki, borc alanların sayı 2 milyondan çox olsa da, bir borc alana 3.8 kredit tarixçəsi düşür. Yəni bir şəxsin 3-4 bankda borcu var. Mövcud statistikanın əhalinin kreditdən asılılıq dərəcəsinin getdikcə artdığını göstərdiyini deyən S.Əliyev vurğuladı ki, son beş ildə kredit götürənlərin sayı iki dəfə artıb. Əgər 2010-cu ildə kredit götürənlərin sayı bir milyona yaxın idisə, hazırda bu göstərici iki milyondan çoxdur: «2010-cu ildə əhalinin borclanması təxminən 10 faiz təşkil edirdi. Yəni götürülən kreditlərin payı əhalinin gəlirlərində 10 faiz təşkil edirdisə, 2014-cü ildə bu göstərici 20 faizə gəlib çatıb. Bu çox təhlükəli həddir və əhalinin sosial vəziyyənin olduqca pis olmasının bariz nümunəsidir. Bu o deməkdir ki, əhalinin gəlirlərinin 20 faizini qazandığı pullar deyil, kredit təşkil edir».
Xəyal