Ukraynada Kommunist Partiyasının (KP) parlament fraksiyası ləğv olunub. Bu barədə iyulun 24-də Ali Radada sədr Aleksandr Turçinov bəyanat verib. Turçinov bildirib ki, KP-nin deputat sayı iyulun 1-dən 23 nəfərə enib, bu isə fraksiya üçün tələb olunan minimal deputat sayından azdır. Ona görə də KP-nin fraksiyası buraxılmış sayılır.
“Bu, tarixi hadisədir. Ümid edirəm ki, Ukrayna parlamentində bir daha kommunistlərin fraksiyası olmayacaq”, – deyə Turçinov əlavə edib.
Bu arada Kiyev inzibati məhkəməsində Ukrayna KP-nin fəaliyyətinin qadağan edilməsi barədə iddiaya baxılır. İddianı Ukraynanın Ədliyyə Nazirliyi qaldırıb. Ədliyyə naziri Pavel Petrenko deyib ki, hüquq-mühafizə orqanları KP-nin qanunsuz əməlləri barədə nazirliyə çoxlu sayda sübutlar təqdim edib, nazirlik də buna əsasən bu partiyanın ləğv olunması tələbilə məhkəməyə müraciət edib.