Bu gecə Ağdaş rayonunda ölümlə nəticələnən yol qəzası qeydə alınıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, Ağdaş rayonu, Bakı-Şamaxı-Yevlax yolunun Aşağı Zeynəddin kəndi (rayon mərkəzindən 5 km aralı) ərazisindən keçən hissəsində vətəndaşa məxsus “Mercedes” markalı sərnişin avtobusu ilə 1961-ci il təvəllüdlü Loğman Fərrux oğlu Osmanova məxsus “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.
FHN-nin uyğun xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü L. Osmanov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
Sürücünün cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 03:39-da başa çatıb.