Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə:
“Azadlıq” qəzetinin 22.07.2014-cü il tarixli sayında vətəndaş Zərnişan Vəlixanlının müraciəti əsasında hazırlanmış yazıda sözügedən xanımın guya polis idarələrində və bölmələrində özbaşınalığın baş alıb getməsi, Daxili Işlər Nazirliyinə göndərdiyi müraciətlərlə bağlı heç bir tədbirin görülməməsi barədə iddialarının, eyni zamanda, sözlərinin təsdiqi kimi, cari il yanvar ayının 11-də Abşeronda baş vermiş cinayətlə əlaqədar bəzi xüsusatları sübut kimi qələmə verməsinin heç bir hüquqi əsası yoxdur. Yazıda həqiqətdən uzaq olan belə yayğın və absurd xarakterli ittihamların səsləndirilməsi, narkotiklərə qarşı həyata keçirilmiş əməliyyat tədbirlərinin mahiyyətinin tamamilə təhrif edilməsi, aşkar qərəzli formada təqdim edilməsi polisin işgüzar nüfuz və imicinə kölgə salmaq, daha çox ictimai diqqəti cəlb etmək məqsədi daşıyır.
Müraciətdə Zərnişan Vəlixanlının Teymur Mahmudov adlı şəxsin bu il yanvarın 11-də sübh tezdən evindən guya çılpaq vəziyyətdə Abşeron RPŞ-yə gətirilməsi, anasının yalvarışlarına rəğmən elə həmin vəziyyətdə onun cibindən iki büküm narkotik maddə çıxarılması barədə söylədikləri isə heç bir etikaya və normal məntiqə sığmır.
Əslində isə haqqında bəhs olunan, sözügedən xanımın da canfəşanlıqla müdafiə etdiyi Teymur Mahmudov 11 yanvar 2014-cü il tarixdə Xırdalan şəhərində “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında olan zaman özünü şübhəli apardığına görə polis əməkdaşları tərəfindən saxlanılmış, baxış keçirilərkən üzərindən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi heroin aşkar edilərək götürülmüşdür. Fakta bağlı Abşeron RPŞ-nin İstintaq Bölməsində CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başalanaraq istintaqı aparılmışdır.
Həmin cinayət əməlini törətməsinə görə Teymur Mahmudov şübhəli şəxs qismində tutulmuş, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir.
Keçilrilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, bu şəxs ötən il dekabrın 2-nə keşən gecə Xırdalan şəhərində Elnur Ismaylova məxsus qapı-pəncərə sexinə qanunusuz daxil olaraq, oradan ümumi dəyəri 1000 manat olan 2 ədəd elektrik mişarı, bir drel, bir ədəd əl frezi oğurlamışdır.
Bundan başqa T.Mahmudov təkrarən dekabrın 25-də yenə gecə vaxtı Xırdalan şəhərində yerləşən, Xəyal Xudiyevə məxsus sexin qapısını sındıraraq içəriyə girmiş, buradan da müxtəlif avadanlıqlar oğurlamaqla həmin obyekt sahibinə ümumilikdə 1500 manat miqdarında ziyan vurmuşdur.
Cinayət işi üzrə Teymur Mahmudovun əməli CM-in 234.1-ci maddəsindən həmin məcəllənin 234.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. İş üzrə məhkəmə kimyəvi, məhkəmə narkaloji və məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin olunmuş və rəylər alınaraq cinayət işinə əlavə edilmişdir. Məhkəmə narkoloji ekspertizasənın rəyində göstərilmişdir ki, Teymur Mahmudovda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur və onun bu xəstəlikdən məcburi müalicəyə ehtiyacı vardır.
Göstərilən hər 3 fakt üzrə cinayət işinin istintaqı yekunlaşdırılmış və baxılması üçün Abşeron rayon məhkəməsinə göndərilmişdir.
Məsələlərə qərəzli və qeyri-peşəkar yanaşma tərzindən, həddən artıq kobud və sərt üslubundan da açıq-aşkar görünür ki, Z. Vəlixanlı kimlərinsə sifarişi və diqtəsi əsasında polis əməkdaşları barədə uydurma və böhtan xarakterli iddialarla çıxış edir, onun “şanlı” müraciəti ilə əsl vətəndaş mövqeyinin deyil, xəstə təxəyyülün məhsuludur. Əgər belə olmasaydı, adı çəkilən xanım kimləri müdafiə etməsinin, müraciətində az qala köməksiz və zavallı kimi sırımağa çalışdığı şəxsin narkotiklə bağlı cinayətdən əlavə daha 2 oğurluq faktı törətməsinin fərqində olardı.