Hökumətyönlü medianın yalanları və gerçək mənzərə…
Dünən Milli Mətbuat günü idi. Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin nəşrə başlamasıyla əsası qoyulan mətbuatımız ötən 139 ildə enişli-yoxuşlu bir yol qət edib. Ancaq mətbuatın durumu heç zaman son illərdəki qədər acınacaqlı olmayıb. Görünən budur ki, media, xüsusən də yazılı KIV-in vəziyyəti qarşıdakı aylarda daha da pisləşəcək. Tənqidçi medianı Azərbaycan hakimiyyəti birmənalı şəkildə qəbul etmir. Hökumət onu tənqid edən media qurumlarını ya satın alır, ya da müxtəlif təzyiq üsullarıyla susdurur. Susmayanları isə cəzalandırır. Kimisini həbs edir, kimisini döydürür, kimisini də…
Təsadüfi deyil ki, son illərdə beynəlxalq təşkilatların hesabatında Azərbaycan hökuməti “mətbuatın düşmənləri” sırasında yer alır. ATƏT-in sərhədləri çərçivəsində hazırda məhbəsdə ən çox jurnalisti olan ölkə məhz Azərbaycandır.
Hökumət isə “hər şey yaxşıdır” deyib, onu tərifləyənlərə imkanlar yaradır, tənqidçilərini isə hər addımda vurur. Şəhərin gözəlləşdirilməsi adı altında köşkləri dəyişdirir və yeni “Press Kiosk”lara elə yer haqqı tətbiq edir ki, satıcılara qəzet satmaq sərf etmir. Metro stansiyalarında “terrorun qarşısını almaq” bəhanəsilə qəzet satışı yığışdırılır, rayonlara qəzet aparılması üçün şərait yaradılmır. Ölkənin əksər kəndlərində köşklər yoxdur.
“Azadlıq”a edilən basqılardan, hücumlardan isə ümumiyyətlə, danışmağa dəyməz. Dəyərli oxucular bizim problemlərimzidən halidi…
Sadaladıqlarımız mətbuatın problemlərinin çox cüzi hissəsidir. Buna baxmayaraq, hökumətyönlü media Azərbaycanda Milli Mətbuat Günü haqda başqa fikirdədir.
Yeni Azərbaycan Partiyasının rəsmi mətbu orqanı olan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu qəzetin dünənki sayında “Milli mətbuatımız heç vaxt indiki qədər azad, müstəqil və təminatlı olmayıb” başlığıyla iri həcmli yazı dərc etdirib, hökumətin “qayğı”sından bəhs edib.
Başqa bir hökumət qəzeti – Milli Məclisinin orqanı olan “Azərbaycan” qəzetində də baş redaktor, həm də deputat olan Bəxtiyar Sadıqov “Mənim evim var!” adlı yazı çap edib. Materialda yalnız jurnalistlərə verilən evlərdən bəhs edib.
Hər iki baş redaktorun yazısında ölkədə tənqidçi mediaya qarşı açılan savaşdan bir kəlmə də söz açılmayıb.
“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev “moderator.az”a açıqlamasında milli mətbuatın son bir ildəki vəziyyətini xarakterizə edib. Mətbuatdakı mövcud durumun bu müddətdə daha da pisləşdiyini vurğulayan M.Əliyev bütün təhlillərin bunu təsdiqlədiyini bildirib: “Son bir ildə mətbuatın durumu yaxşılaşmayıb, əksinə, daha da pisləşib. Bu sahədə ciddi geriləmələr var. Istər mediaya göstərilən təzyiq, istər jurnalistlərin həbsi, istər mətbuatın maddi baxımdan durumu və s. bunu göstərir. Mən bunu kimliyindən asılı olmayaraq, ölkə rəsmilərindən istənilən şəxsə debatda isbatlamağa hazıram. Əgər kimsə bunun əksini iddia edirsə, o zaman onunla debatda üz-üzə gələ bilərik. Hazırda bununla bağlı geniş bir məqalə də yazıram və yəqin ki, yaxın vaxtlarda dərc olunacaq”.
Tanınmış jurnalist Şahvələd Çobanoğlu isə “facebook” sosial şəbəkəsində bayramla bağlı bunları yazıb: “…”Əkinçi”nin getdiyi kəndlərə indi qəzet getmir. …Jurnalistlərə ev verilir, qəzet evləri – köşklər isə sökülür. Milli Mətbuat gününü yada salanda milli mətbuatın nə gündə olduğunu da unutmayın”.
Ramin DEKO