Soydaşlarımızı gələcəkdə hansı problemlər gözləyir?
Rusiyada işləmək istəyənlər bu ölkənin tarixindən 19 günü və 50 personalı öyrənməli olacaq. Moskvadakı Xalqlar Dostluğu Universitetinin əlavə təhsil üzrə prorektoru Anjela Doljikova iyulun 21-də belə bir açıqlama verib.
2015-ci il yanvarın 1-dən Rusiyada müvəqqəti yaşamaq və işləmək razılığı almaq istəyən miqrantlar testdən keçməli olacaqlar. Test rus dili, Rusiya tarixi və qanunvericiliyinin əsasları üzərində aparılacaq. Hazırda Rusiya Xalqlar Dostluğu Universitetində miqrantlar üçün test tapşırıqları hazırlanır.
“Mediaforum”un məlumatına görə, Doljikova tarix üzrə üçündən birini seçməklə 20 sualın hazırlandığını bildirib: “Suallar Rusiya tarixindən ən vacib hadisələri əhatə edir. Hazırda testə 19 tarixi gün və hərbçilər, şairlər, yazıçılar, bəzi müasir siyasətçilər də daxil olmaqla 50 xadim haqda suallar düşüb”.
Prorektorun sözlərinə görə, rus dili üzrə testlər miqrantlar üçün indi qüvvədə olan testləşmədən bir az fərqlənəcək.
Qanunvericiliyin əsasları üzrə modula 20 sual daxil ediləcək. Əcnəbi vətəndaşlar Rusiyada özlərini düzgün aparmaq və inzibati məsuliyyətə cəlb olunmamaq üçün bu suallara cavab verməli olacaq.
Doljikova miqrantları bu test imtahanına hazırlamaq üçün dərsliklər çap olunduğunu vurğulayıb. Qeyd edilib ki, hazırda onların elektron versiyası üzərində iş gedir.
Iqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, vətəndaşlıqla bağlı Rusiya qanunvericiliyində bir müddət öncə ciddi sadələşdirilməyə gedilib. Bu da Rusiyada olan millətçi kəsimdə bəzi narahatlıqlar doğurub. Həmin narahatlığın qarşısını almaq üçün Rusiya hökuməti populist siyasi qərar olaraq belə addım atmağa məcbur olub: “Millətçi kəsimdə Rusiya vətəndaşlığının verilməsi asanlaşdırılacaqsa, qeyri millətlərin Rusiyaya köçməsi və sonunda Rusiya tarixindən, rus dilindən uzaq kəsimin orada illər sonra əhalinin əksər hissəsini təşkil etməsi ehtimalı, qorxusu vardı”.
Ekspert bu mənada, belə bir addımın atılmasının gözlənilən olduğunu söyləyir. O zaman Rusiyada yaşayan miqrantlara bunun müəyyən mənada təsiri də istisna olunmur. Həmsöhbətimiz bu imtahanların özü-özlüyündə hakimiyyətin əlində rıçaqa çevriləcəyini hesab edir, çünki Rusiya kimi bir ölkədə normal qayda-qanunlara uyğun şəkildə imtahanların keçiriləcəyini gözləmək əbəsdir: “Rusiya hökuməti istəmədiyi müəyyən qrupdan olan şəxslərə bu imtahanlar vasitəsilə vətəndaşlığın verilməsini gecikdirəcək və yaxud da mümkünsüz edəcək. Əslində bu, siyasi bir qərardır. Bu məsələnin Azərbaycan vətəndaşlarına təsirinə gəlincə, Rusiyaya işləmək üçün gedənlərin əksəriyyəti regionlardan olduğundan, onlar rus dilini kifayət qədər bilməyənlərdir. Ona görə də sözügedən qaydaların tətbiqindən sonra onların vətəndaşlıq alması çətinləşəcək. Rusiyada korrupsiya geniş yayıldığına görə bizim insanlara vətəndaşlığın alınması baha başa gələcək. Azərbaycandan gedən insanlar üçün Rusiyada gələcəkdə belə bir problemlərin olması labüddür”.
Nigar