Ali Məhkəmə Apelyasiya Məhkəməsinin qərarını qüvvədə saxladı
Dünən Ali Məhkəmənin Məhkəmə Kollegiyası hakim Islam Əliyevin sədrliyi ilə “Xural” qəzetinin Mətbuat Şurasına qarşı qaldırdığı iddia ilə bağlı Apelyasiya Məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb. Prosesdə iddiaçı “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının vəkili Elçin Sadıqov səhhəti ilə bağlı iştirak edə bilməyib.
Məhkəmə heyəti vəkilin iştirakı olmadan prosesin necə davam etdiriləcəyi ilə bağlı tərəddüdlərinə Ə.Zeynallı “Onsuz da Apelyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayacaqsınız. Vəkilin gəlib-gəlməməsinin nə əhəmiyyəti var? Qərarınızı verin, çıxaq gedək”, deyə bildirib.
Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının çıxardığı qətnamədə bildirilir ki, proses zamanı iddiaçı tərəf dəlil-sübut və şahid təqdim etmədiyindən iddia təmin olunmayıb.
Əvəz Zeynallı bildirib ki, prosesdə kifayət qədər dəlil-sübut təqdim olunub və şahidlər dindirilib. “Az qala kor olmaq lazımdır ki, o qədər faktın qarşılığında bu cür qətnamə hazırlayasan”, deyə o qeyd edib.
Hakim Islam Əliyev deyib ki, vəkil iclasda iştirak etmədiyindən iddiaçını dinləyə bilməz.
Hakim Islam Əliyevin “Mən başa düşə bilmirəm, əgər mənəvi ziyana düşmüsünüzsə, nə üçün iddia tələbində Mətbuat Şurasından 1 manat təzminat alınaraq hakimə verilməsini istəmisiniz”, sualına Ə.Zeynallı “söhbət təzminatın məbləğindən yox, azad mətbuatın susdurulmasından gedir”, cavabını verib.
Beş dəqiqəlik müşavirədən sonraÿAli Məhkəmənin Məhkəmə Kollegiyası “Xural” qezetinin Mətbuat Şurasına qarşı qaldırdığı iddiaya Apelyasiya Məhkəməsinin çıxardığı qətnaməni qüvvədə saxlayıb.
2014-cü il fevralın 28-də Bakı Apelyasiya Məhkəməsi “Xural” qəzetinin həbsdə olan redaktoru Əvəz Zeynallının Mətbuat Şurasına qarşı mülki iddiasını təmin etməyən Nərimanov Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Ə.Zeynallı məhkəmədən Mətbuat Şurasının 2011-ci ilin sentyabrında “Xural”ın “qara siyahı”ya daxil edilməsi haqqında qərarının qanunsuz hesab edilməsini istəyib. Iddiaçı bunun qəzetin işgüzar nüfuzuna ziyan vurduğunu hesab edib və məhkəmədən Mətbuat Şurası barəsində səlahiyyətlərin aşması haqqında xüsusi qərar çıxarmağı xahiş edib.
Baş redaktor həbsindən 1 ay əvvəl Mətbuat Şurasının qəzetin işgüzar nüfuzuna ziyan vuran qərar qəbul etməsiniÿ”siyasi sifariş” kimi dəyərləndirib və Mətbuat Şurası haqqında məhkəmə qarşısında iddia qaldırıb.
Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-də həbs edilib. O, külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmada təqsirli bilinərək 2012-ci il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Zeynallının 1 il müddətinə peşə fəaliyyəti ilə məşğul olmaq hüququ məhdudlaşdırılıb və 9 il müddətinə azadlıqdan məhrum edilib.
Baş redaktor ittihamı siyasi sifariş hesab edir və tənqidi məqalələri ilə əlaqəli olduğunu bildirib.
“Amnesty International” Əvəz Zeynallını “vicdan məhbusu” elan edib. Bununla yanaşı, çoxsaylı beynəlxalq və yerli hüquq müdafiə təşkilatları, o cümlədən “Amnesty International”, “Human Rights Watch”, “Freedom House”, “Human Rights House Foundation”, “Senzura Indeksi” təşkilatları, ABŞ Dövlət Departamenti hakimiyyətdən jurnalisti həbsdən azad etməyə çağırıb.
“Turan”